“Gender Hub Azərbaycan” təşkilatı “CAREC Gender Bərabərliyi” mükafatının qalibi olub
Bakı, 5 dekabr, AZƏRTAC
“Gender Hub Azərbaycan” təşkilatı Asiya İnkişaf Bankının təsis etdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində “CAREC Gender Bərabərliyi” mükafatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, mükafatın qalibi olan 10 ölkədən 11 şəxs və təşkilat Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən mükafatlandırma mərasimində bir araya gəlib.
Mərasimdə iştirak edən “Gender Hub Azərbaycan” təşkilatının həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova mükafatı təşkilat adından qəbul edib. Tədbirdə “Gender Hub Azərbaycan” təşkilatı ilə yanaşı, Gürcüstan, Qırğızıstan, Çin və digər Asiya ölkələrindən gəlmiş nümayəndələr iştirak ediblər.
Müraciət edən 200 nəfər arasından münsiflər heyəti tərəfindən seçilmiş 11 qalib şəxsə və təşkilata mükafatlar təqdim olunub. Mükafatın qalibləri CAREC tərəfindən təşkil olunacaq tədbirlərdə iştirak etmək, şəbəkələşmək imkanı əldə edəcək, liderlik üzrə kouçinq və mentorluq proqramlarından yararlanacaqlar.
“CAREC Gender Bərabərliyi” mükafatı şəxslərin, eləcə də CAREC üzv ölkələrindəki (Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) təşkilatların səylərini və nailiyyətlərini qiymətləndirmək məqsədi daşıyır.