“Göyçay ensiklopediyası” hazırlanır
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə “Göyçay ensiklopediyası” hazırlanır.
AVCİYA-dan AZƏRTAC-a bildirilib ki, yeni ensiklopediya Göyçayın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edəcək. Burada Azərbaycanın bu qədim diyarına həsr olunan oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr veriləcək. Ensiklopediyaya Göyçayın tarixboyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin - dövlət, ictimai və siyasi xadimlərin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən yazılar da daxil ediləcək.
Ensiklopediyanın http://goychay-encyclopedia.az/ ünvanında fəaliyyət göstərəcək elektron versiyası “1905.az STUDİO”da hazırlanır.
Yaradıcı heyətə 1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev rəhbərlik edir.
Xatırladaq ki, AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə 2015-ci ildə “Şamaxı ensiklopediyası” çap edilib. Həmin ensiklopediyanın mütəmadi şəkildə yenilənən elektron versiyası ilə http://shamakhi-encyclopedia.az/ ünvanında tanış olmaq mümkündür.