GUAM PARLAMENT ASSAMBLEYASINA AZƏRBAYCAN RƏHBƏRLİK EDƏCƏKDİR
Milli Məclisin mətbuat katibi Akif Nəsirov AZƏRTAC-a bildirmişdir ki, GUAM ölkələri Parlament Assambleyasının 3-cü iclası öz işinə oktyabrın 15-də başladı. Əvvəlcə GUAM Parlament Assambleyası bürosunun geniş iclası keçirildi. Büro iclasının gündəliyi təsdiq edildikdən sonra bir sıra təşkilati məsələlərə baxıldı. Sonra GUAM Parlament Assambleyasının 3-cü iclası öz işinə başladı. İclasda quruma üzv ölkələrin parlament nümayəndə heyətlərindən əlavə Rumıniya və Litva parlamentlərinin sədr müavinləri, xarici ölkələrin Moldovada fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələri də iştirak edirdilər.
İclası giriş sözü ilə açan Moldova parlamentinin sədri Marian Lupu GUAM ölkələri Parlament Assambleyasına Moldovanın sədrliyinin artıq başa çatdığını, sədrliyin növbəti ölkəyə təhvil veriləcəyini bildirdi, GUAM-ın ötən dövrdəki fəaliyyətindən danışdı. İclasın iştirakçıları demokratiya, insan haqları və xüsusilə də parlament diplomatiyası sahəsində Assambleyanın gördüyü işləri yüksək qiymətləndirdilər.
Sonra iclasda Milli Məclisin sədri, Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Oqtay Əsədov çıxış edərək, GUAM ölkələri Parlament Assambleyasının 3-cü iclasının keçirilməsində roluna və böyük təşkilatçılıq işlərinə görə Moldova tərəfinə təşəkkürünü çatdırdı. Azərbaycan parlamentinin sədri qeyd etdi ki, ölkəmiz iqtisadi, siyasi, mədəni və digər sahələrdə gündən-günə inkişaf etməkdədir. Ölkəmiz sürətli yüksəlişə nail olduqca onun beynəlxalq aləmdə nüfuzu da artır. İndi Azərbaycan dünyanın bir sıra beynəlxalq təşkilatlarına üzvdür və bu qurumlar çərçivəsində fəal fəaliyyət göstərir. Ölkəmiz GUAM təşkilatına xüsusi önəm verir və bu quruma daxil olan dövlətlərlə əlaqələrin inkişafında maraqlıdır. Bu məsələ Azərbaycanın xarici siyasətinin bir hissəsini təşkil edir.
Milli Məclisin sədri Oqtay Əsədov regional iqtisadi əlaqələr və təhlükəsizlik məsələlərini önə çəkdi. Qeyd etdi ki, regionda sabitlik məsələləri çox vacibdir. GUAM-a daxil olan ölkələr bu sahəyə daha ciddi fikir verməli və qarşılıqlı əməkdaşlığı gücləndirməlidirlər. Ərazi bütövlüyünün qorunmasında, terrorizmə və separatizmə qarşı mübarizədə birgə səyləri daha da artırmalıyıq. Bu və ya digər bir sıra vacib məsələlərə toxunan Milli Məclisin sədri Oqtay Əsədov GUAM ölkələri Parlament Assambleyasının 3-cü iclasının böyük əhəmiyyət daşıdığını söylədi, bu qurumun, eləcə də üzv ölkələrin qarşısında yeni perspektivlər açacağına inamını ifadə etdi.
GUAM Parlament Assambleyasının fəaliyyətini yüksək qiymətləndirən Gürcüstan parlamentinin sədri Nino Burcanadze qarşılıqlı əməkdaşlıqda böyük uğurlar əldə olunduğunu söylədi. Azərbaycan ilə hərtərəfli əməkdaşlığa böyük önəm verdiklərini deyən xanım Burcanadze, ötən il Gürcüstanın enerji sahəsində çətin məqamlarında dostluq köməyinə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə dərin minnətdarlıq etdi, əsİl tərəfdaş ölkə kimi Azərbaycanın nümunəvi bir dövlətə çevrildiyini dedi.
Sonra iclasda Ukrayna Ali Radası sədrinin birinci müavini Adam Martınyuk, Litva Seymi sədrinin birinci müavini Çeslovas Yursenas, Rumıniya parlamenti sədrinin birinci müavini Jeodor Meleşkanu və başqaları çıxış edərək GUAM ölkələri Parlament Assambleyasının bu quruma daxil olan ölkələrin bir-birinə yardım və əməkdaşlıq çərçivəsində fəaliyyətinə müsbət qiymət verdilər, təşkilata uğurlar arzuladılar.
İclasda quruma üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, dondurulmuş münaqişələrin həlli üçün beynəlxalq birliyin və quruma üzv dövlətlərin səylərinin artırılması, birgə layihələrin qanunvericilik bazasının təmin edilməsi üçün parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər müzakirə olundu. Fasilə zamanı GUAM Parlament Assambleyasının ayrı-ayrı komitələrinin iclasları keçirildi. Bu iclaslarda qurumun konkret sahələrdəki fəaliyyəti müzakirə olundu, perspektivlər müəyyənləşdirildi.
Assambleyanın 3-cü iclasının fasilədən sonrakı davamında da həmin komitələrin sədrlərinin məruzələri dinlənildi, GUAM Parlament Assambleyasının 4-cü iclasının harada və nə vaxt keçirilməsi məsələsi müzakirə olundu. Qeyd edildi ki, müvafiq qaydaya uyğun olaraq Parlament Assambleyasına sədrlik Azərbaycan tərəfinə verilir. Bu münasibətlə Moldova Parlamentinin sədri Marian Lupu Milli Məclisin sədri Oqtay Əsədovu təbrik etdi. Sədr Oqtay Əsədov çıxış edərək təşəkkürünü bildirdi, dedi ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda daim fəal mövqedən çıxış edir, GUAM Parlament Assambleyasına növbəti mərhələdə sədrlik vəzifəsini də layiqincə yerinə yetirəcək, bu təşkilatın daha da möhkəmlənməsinə və üzv dövlətlərin qarşılıqlı əməkdaşlığının genişlənməsinə çalışacaqdır.
İclasda qərara alındı ki, GUAM Parlament Assambleyasının 4-cü iclası 2007-ci ildə Bakı şəhərində keçirilsin.
Sonra iclasın yekun sənədi - rəsmi məlumat qəbul edildi. Bu sənəddə GUAM Parlament Assambleyasının növbəti mərhələdə fəaliyyətinin istiqamətləri əksini tapmışdır.
İclasdan sonra mətbuat konfransı keçirildi. Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın parlament rəhbərləri kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırdılar.
Bununla da GUAM ölkələri Parlament Assambleyasının Kişinyovda keçirilən iclası başa çatdı.
X X X
Həmin gün Moldovanın Prezidenti Vladimir Voronin GUAM ölkələri Parlament Assambleyasının 3-cü iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdü. Moldova Prezidentinin Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 16-da Vətənə qayıtdı. Kişinyov hava limanında nümayəndə heyətimizi Moldova Parlamentinin sədri Marian Lupu və digər rəsmi şəxslər yola saldılar.