İDMAN
Gülcənnət Hüseynli: Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi gənc badmintonçularımızın karyerasında mühüm rol oynayır
![Gülcənnət Hüseynli: Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi gənc badmintonçularımızın karyerasında mühüm rol oynayır](/files/2019/2/1200x630/1560088240426826888_1200x630.jpg)
Bakı, 9 iyun, İlyas Zeynallı, AZƏRTAC
İlk dəfə olaraq Bakıda "Azerbaijan İnternational 2019" badminton turnirinin keçirilməsi məni fərəhləndirir. Beynəlxalq turnirlərdə iştirakım zamanı arzulayırdım ki, bizim ölkəmizdə də badminton üzrə möhtəşəm turnir keçirilsin və Azərbaycan Olimpiya reytinqli bir sıra badmintonçuları qəbul etsin. Düşünürəm ki, bu, badmintonçularımızın gələcək karyerasında mühüm rol oynayacaq. Bu zalda tamaşaçı qismində gənc idmançılarımız var ki, onlar belə yarışlara baxmaqla böyük təcrübə əldə edirlər. Mən və bacım Azərbaycanı xaricdə təmsil edən ilk hakimlərik. Azərbaycanda bu sahədə çox yaxşı kadrlar var. Bu yarışlar onlar üçün də böyük təcrübədir.
Bu sözləri Bakı İdman Sarayında keçirilən "Azerbaijan International 2019" beynəlxalq badminton turnirində azərbaycanlı hakim Gülcənnət Hüseynli AZƏRTAC-a müsahibəsində bildirib.
"Azerbaijan International 2019" turnirində 16 əsas və 24 yan hakimin iştirak etdiyini bildirən G.Hüseynli yarışlarda ədalətin tam yüksək səviyyədə olduğunu deyib.
Qeyd edək ki, "Azerbaijan International 2019" turniri bu gün başa çatacaq.
Ümumi mükafat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 badmintonçu mübarizə aparır.