Gülnarə İsmayılova: Məqsədimiz iri şirkətlərin və sponsorların marağını Azərbaycana yönəltməkdir
Tbilisi, 30 iyun, AZƏRTAC
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində “Qonşuluqdakı dəyər” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfrans Azərbaycan üçün də faydalı olub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Edication HUB-un proqram meneceri Gülnarə İsmayılova söyləyib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri konfransda və panel iclaslarda ölkəmizdə sosial sahibkarlıq sahəsində görülən işlər, qanunvericilik sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi, həmçinin yeni sərmayələrin cəlb olunması istiqamətində çıxışlar edib, müzakirələr aparıblar. Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki yeni iqtisadi imkanlar, həmin ərazilərin dirçəldilməsi və inkişafı üçün yaradılmış münbit şərait, investisiya imkanları barədə məlumat verilib.
O deyib: “Məqsədimiz Avropa, Asiya və digər bölgələrdən olan həmkarlarımızı, iri şirkətlərin və sponsorların marağını Azərbaycana yönəltməkdir. İnanırıq ki, biz avropalı və asiyalı həmkarlarımızın diqqətini cəlb edərək onların dəstəyi ilə ölkəmizdə Sosial Sahibkarlıq ekosistemin təkmilləşdirilməsi üzrə mühüm işlər görə biləcəyik”.
Tbilisi