Gümüş qiymətinin artmasına səbəb olan amillər və 2026-cı il üçün proqnozlar nədir?
Bakı, 1 dekabr, AZƏRTAC
Cari il dünya bazarlarında gümüşün qiyməti əhəmiyyətli dərəcədə artıb.
AZƏRTAC xəbər verir ki, 2024-cü ildən yüksəliş tendensiyasına başlayan gümüşün bir troya unsiyasının qiyməti 2025-ci ilin aprelində 36 dollara, oktyabrın 16-da isə 54 dollara çatıb ki, bu da investorlara altı ay ərzində 50 faiz gəlir gətirib.
Lakin oktyabrın ikinci yarısında qiymətlər yenidən təqribən 10 faiz gerilədi.
Dekabrın 1-nə isə gümüşün bir troya unsiyasının qiyməti 57,56 dollara bərabər olub. Geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, mərkəzi bank alışları, fərdi və institusional investorların tələbi, eləcə də ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini endirməsi bu artıma səbəb olub. Tələbin xüsusilə oktyabrın əvvəlində kəskin artması fonunda ABŞ və Çindən Londona hava nəqliyyatı ilə böyük həcmdə gümüş daşınıb. Müstəqil metal treyderi Tai Vong ABŞ-dan Londona bir həftə ərzində 311-467 ton arasında gümüş daşındığını təxmin edir.
Ekspertlərin fikrincə, gümüşün 2026-cı il üçün orta qiymət gözləntisi bir troya unsiya üçün 50 dolladır. İyul ayında isə bu gözlənti 38 dollar idi.
Mütəxəssislər qeyd edirlər ki, gümüş qiymətlərindəki son artım və azalmalar qızılın qiymət dinamikası ilə paralel baş verib. Lakin bu dövrdə gümüş qiymətlərindəki artım və azalmalar qızıl qiymətlərindən daha kəskin olub. Onların sözlərinə görə, qlobal miqyasda artan inflyasiya narahatlıqları, faiz dərəcəsi siyasəti ilə bağlı qeyri-müəyyənliklər investorları təhlükəsiz sığınacaq kimi qızıla alternativlər axtarmağa sövq edərək gümüşə tələbatı artırıb.