GÜRCÜSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ NARAHATLIĞA ƏSAS YOXDUR
Dünyada az-az ölkələr tapılar ki, onların sərhədlərində Gürcüstan-Azərbaycan sərhədində olduğu kimi əsl dostluq mühiti olsun. İki qardaş dövlətin təxminən 428 kilometrlik sərhədi əvvəlki illərdəki kimi, yenə də şəffaf olaraq qalır. Buna hətta sərhədlərin demarkasiyasının başa çatdırılmaması da əngəl törətmir. Lakin istər Gürcüstanda, istərsə də Azərbaycanda bəzi mətbuat orqanları bunu lazımınca qiymətləndirmir, əksinə, guya sərhəddə vaxtaşırı xoşagəlməz hadisələrin baş verdiyi barədə şayiələr yayır.
AZƏRTAC-ın müxbiri bu məsələyə bir daha aydınlıq gətirmək üçün Gürcüstan Sərhəd Qoşunları Departamentinin sədri general-leytenant Valeri Çxeidzeyə müraciət etmişdir.
Belə şayiələrin və uydurmaların ona da bəlli olduğunu söyləyən cənab Çxeidze bunları qəti şəkildə təkzib edərək, bildirdi ki, dostluğu dillər əzbəri və örnək olan Eduard Şevardnadze və Heydər Əliyev kimi şəxsiyyyətlərin başçılıq etdikləri dövlətlərin sərhədində düşmənləri sevindirəcək heç bir hadisə baş verə bilməz. Sərhədlərimizdə demarkasiyanın hələ aparılmamasına gəldikdə isə, biz onu gec-tez həyata keçirəcəyik. Cənab Çxeidze Gürcüstan-Azərbaycan sərhədində keçən il baş vermiş ölüm hadisəsini xatırladaraq dedi ki, bununla əlaqədar dərhal ciddi tədbir görüldü, təqsirkar həbs olunaraq layiqli cəzasını aldı. İndi burada xidmət edən sərhədçilər arasında Gürcüstanın azərbaycanlı vətəndaşları da var. Məsələn, təkcə Qırmızı körpüdəki sərhəd məntəqəsiində 8 nəfər azərbaycanlı əsgər və zabit xidmət edir.
Departamentin sədri bildirdi ki, Azərbaycan milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı general-mayor Elçin Quliyevlə daim əlaqə saxlayır, ortaya çıxan məsələləri qarşılıqlı anlaşma şəraitində aradan qaldırırlar. General-leytenant Çxeidze onu da əlavə etdi ki, yaxın günlərdə Bakıya səfər edəcəkdir. Səfərdən məqsəd sərhəd məsələləri ilə əlaqədar artıq paraflanmış sazişləri imzalamaqdır.
Biz sərhədə gəlib burada Gürcüstan və Azərbaycan vətəndaşları ilə görüşdük, sərhədi keçərkən nə kimi problemlərlə qarşılaşdıqları ilə maraqlandıq. Təəssüf ki, bəziləri sərhədi hələ də köhnə sovet pasportu ilə keçmək istəyir və buna icazə verilmədikdə hay-küy salırlar. Buna hətta siyasi don geydirirənlər də tapılır. Halbuki belə pasportlardan Gürcüstanın və Azərbaycanın ancaq sərhədyanı rayonlarının sakinləri istifadə edə bilərlər. Bundan əlavə, Gürcüstan Sərhəd Qoşunları Departamenti Borçalının Azərbaycanla həmsərhəd rayonlarının sakinlərinə xüsusi sənəd vermişdir və onlar bununla heç bir maneə olmadan sərhədi keçirlər.
Cənab Çxeidze xüsusi vurğuladı ki, hər boş şeyə görə ölkələrimizin dostluğuna ləkə vurmağa çalışanların, cəhdləri əbəsdir. Qoy onlar qəti bilsinlər ki, sərhədlərimizdə də, sərhədçilərimiz arasında da əsl dostluq mühiti hökm sürür.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi