SİYASƏT
GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONQRESİ 28 MAY - RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRMİŞDİR
Tbilisi, 27 may (AZƏRTAC). Gürcüstan Azərbaycanlıları Konqresi 28 May -Respublika Günü münasibətilə tədbir keçirmişdir.
İştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət etmiş, önünə əklil qoymuşlar. Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri - Fətəli Xan Xoyski və Həsən Ağayevin Nəbatat bağındakı qəbirləri də ziyarət olunmuşdur.
Konqresin sədri Əli Babayev Azərbaycan Respublikasının keçdiyi müstəqillik yolundan, ömrü çox da uzun olmayan Xalq Cümhuriyyətinin bu yolun başlanğıcını qoymasından, ciddi problemlər, ədalətsizliklərlə üzləşən Azərbaycan xalqının da gürcülər kimi müstəqilliyini XX əsrin sonlarında bərpa etməsindən danışmışdır. Qeyd edilmişdir ki, sabiq Sovet imperiyasının təcavüzünə, Tbilisidə, Bakıda qan tökülməsinə baxmayaraq xalqlarımız öz arzularına çatmışlar. Şəhid qanı hesabına qazanılmış müstəqilliyimizin qorunub saxlanması Gürcüstan azərbaycanlılarının da müqəddəs borcudur.
“Gürcüstan” qəzetinin baş redaktoru, Gürcüstan Azərbaycanlıları İttifaqının sədri Süleyman Süleymanov, akademik Mixail Kurdiani və başqaları strateji tərəfdaşlar olan Azərbaycan və Gürcüstanın müstəqillik uğrunda keçdiyi müqəddəs yoldan danışmış, tarixi köklərə malik Azərbaycan-Gürcüstan dostluğuna diqqət çəkmiş, müstəqilliyimizin əbədi və dönməzliyinə əmin olduqlarını bildirmişlər.
Çıxışlarda ötən əsrin sonlarında, Azərbaycanın müstəqilliyinin yenidən təhlükə qarşısında qaldığı bir zamanda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin bu təhlükədən xilas olması, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığı vurğulanmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi