Gürcüstan istehlak etdiyi elektrik enerjisinin yarıdan çoxunu xaricdən alır
Tbilisi, 9 mart, AZƏRTAC
Gürcüstan iqtisadiyyatı son 10 ildə çox inkişaf edib, lakin su elektrik stansiyalarının (SES) tikintisi və enerji istehsalı xeyli geridə qalıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava parlamentin komitə iclasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstanın elektrik enerjisinə olan tələbatı ilbəil artır. Əgər ölkə 2010-cu ildə 200 milyon kilovat/saat elektrik enerjisi idxal edirdisə, indi bu rəqəm 1,6 milyard kilovat/saat təşkil edir. Bunun da üzərinə ölkədəki xaricdən alınan qaz hesabına işləyən istilik elektrik stansiyalarında (İES) istehsal olunan 3 milyard kilovat/saat enerjini də gəlsək xarici ölkələrdən asılılığımızı təsəvvür etmək çətin deyil.
“Bununla da demək olar ki, Gürcüstanın istehlak etdiyi elektrik enerjisinin yarıdan çoxunu idxal edir”, - deyə nazir vurğulayıb.
O deyib ki, Gürcüstanın hazırda 12,6 milyard kilovat/saat elektrik enerjisi istehlak edirsə, yaxın 10 ildə bu rəqəm ən azı daha 21-22 milyard kilovat/saata qədər artacaq. Biz həmin 32 milyard kilovat/saatı haradan alacağımızı indidən düşünməliyik. Ona görə ki, bu həcmdə elektrik enerjisi bizə yüksək iqtisadi inkişaf tempinə nail olmaq və əhalinin həyat səviyyəsini yüksəltmək üçün lazım olacaq.
“Bizim SES-lər ümumi dəyəri 1,5 milyard dollardan çox olacaq həmin elektrik enerjisini istehsal edə bilməyəcək. Ona görə də biz indidən dəqiq düşünməli və qəti addımlar atmalıyıq”, - deyə N.Turnava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi