GÜRCÜSTAN MAYIN 26-DA MÜSTƏQİLLİK GÜNÜNÜ QEYD ETMİŞDİR
Gürcüstan prezidenti, Ali Baş Komandan Mixail Saakaşvili hərbçiləri salamlamış, müstəqillik günü münasibətilə təbrik etmişdir. Prezidentin hərbçilər qarşısında məruzəsi, əsasən Gürcüstanın daxili və xarici siyasət, ordunun yenidən qurulması, ölkənin ərazi bütövlüyünün təmin olunması məsələlərinə həsr edilmişdir. M.Saakaşvili demişdir: “Gücümüz birlikdədir. Gürcüstan üçün indi böyük dövlət olmaq imkanı yaranmışdır. Əhalinin Silahlı Qüvvələrə inamı artmışdır. Biz qonşu dövlətlərlə - Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanla yeni münasibətlər yaradırıq. Beynəlxalq aləmdə nüfuzumuz getdikcə artır”.
Sonra prezident yaxın keçmişin ağır sosial-iqtisadi şəraiti nəticəsində Gürcüstan sakinlərindən hər beş nəfərdən birinin ölkəni tərk etdiyini və xaricdə yaşayan hər bir gürcüyə ona müraciət edəcəyi təqdirdə Gürcüstan vətəndaşlığı verəcəyini bildirmişdir.
Ölkənin ərazi bütövlüyünün bərpa olunması yönündə qarşıda duran vəzifələrdən danışan M.Saakaşvili abxaz və osetinlərə öz dillərində müraciət etmiş, onları birliyə çağırmış, Gürcüstanda hər bir abxazın, hər bir osetinin hüquqlarının qorunacağını vurğulamış, abxazlara beynəlxalq normalara uyğun olaraq Gürcüstanın tərkibində geniş muxtariyyət vəd etmişdir.
Prezident qoşun növlərinin 5 yeni bayrağını komandirlərə təqdim etdikdən sonra hərbi parad keçirilmişdir.