Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılıb
Tbilisi, 9 aprel, AZƏRTAC
Gürcüstanda törədilmiş 1989-cu il 9 Aprel hadisələrindən 34 il ötür. Bu gün Gürcüstanın dövlət və hökumət rəsmiləri, gürcü xalqı, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları 9 Aprel qurbanlarının xatirəsini anıb, Şota Rustaveli prospektindəki abidə önünə əklil qoyublar.
Qeyd edək ki, 1989-cu il aprelin 9-da sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.
1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.
Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir.
Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şota Rustaveli prospektində, Gürcüstan parlamentinin binası qarşısındakı memorial önündə anılır.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi