Gürcüstanda İŞİD-çilərə məxsus silah-sursat aşkar olunub
Tbilisi, 12 noyabr, AZƏRTAC
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Telavi bələdiyyəsinin Leçuri kəndi yaxınlığında gizli silah-sursat saxlanılan yeri aşkar edib.
AZƏRTAC xəbər verir ki, oradan müxtəlif növ partlayıcı maddələr, döyüş sursatı və materialları götürülüb.
DTX-nin məlumatında bildirilib ki, quruma 2017-ci ildə İŞİD liderlərindən olan Əhməd Çataev və onun qrupu ilə əlaqədar başlanmış istintaq çərçivəsində əməliyyat məlumatı daxil olub. İstintaqla müəyyən edilib ki, qrupun döyüş materiallarının bir hissəsi illər boyu müvafiq yerdə saxlanılıb.
Əməliyyat zamanı odlu silah, 5 daraq, 161 patron, 3 əl qumbarası, müxtəlif növ partlayıcı maddələr, o cümlədən trotil, həmçinin ilkin tibbi yardım vasitələri tapılıb.
Faktla bağlı araşdırma aparılır.