Gürcüstanda istehlak məhsullarının qiyməti bahalaşıb
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Ötən ay Gürcüstanda istehlak məhsullarının qiymətlər indeksi aylıq müqayisədə 0,7 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir.
Bildirilir ki, sentyabrda ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlər 0,5 faiz artıb. Ölkədə süd, pendir və yumurtanın qiymətində 2,6 faiz, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiymətində isə 1,2 faiz artım qeydə alınıb. Meyvə, üzüm və tərəvəzin qiyməti isə 0,6 faiz bahalaşıb. Geyim və ayaqqabıların qiymətində 2,4 faiz artım olub.
Keçən ay illik inflyasiya 3,8 faiz təşkil edib. İllik inflyasiya kontekstində ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətində 6,3 faiz, alkoqollu içkilər və tütün məmulatlarının qiymətində isə 8,9 faiz artım qeydə alınıb.
Səhiyyə və sağlamlıq sahəsində ambulator xidmətlər 12 faiz, tibbi məhsullar və avadanlıqlar isə 9,4 faiz bahalaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi