DÜNYA
Gürcüstanda koronavirusla əlaqədar qaydalar sərtləşdirilir
![Gürcüstanda koronavirusla əlaqədar qaydalar sərtləşdirilir](/files/2020/3/1200x630/1601635560172522793_1200x630.jpg)
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Gürcüstanda COVID-19 virusunun sürətlə yayılmasının qarşısını almaq üçün qadağalar yenidən sərtləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, yeni qaydaların tətbiqi ilə əlaqədar yeni protokol hazırlanıb. Sənədə əsasən ölkədə koronavirusa yoluxan şəxslə sıx təmasda olanlar tibbi yoxlama aparılmadan dərhal təcrid olunacaqlar.
Həmin şəxslər 14 günlük karantinə alınacaqlar.
Qeyd edək ki, sentyabrın 15-dən etibarən Gürcüstanda karantin müddətinə dəyişiklik edilmişdi. Qonşu ölkəyə daxil olanlar 8, virusa yoluxan şəxslə birbaşa təmasda olanlar isə 12 günlük karantin nəzarətinə götürülürdü.
Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze də yaranmış gərgin vəziyyətlə əlaqədar əhaliyə müraciət edib.
Nazir Gürcüstan əhalisini evdə qalmağa dəvət edib.
Nazirin sözlərinə görə, hökumət ölkə ərazisində məhdudiyyətlər tətbiq etmək niyyətində deyil.
“Bununla belə mən əhalini evdən çıxmamağa və bir-birinin qayğısına qalmağa çağırıram ki, heç bir məhdudiyyət tətbiq olunmasın”, - deyə Tikaradze vurğulayıb.
E.Tikaradze bir daha hamını tibbi maska taxmağa və sosial məsafə saxlamağa çağırıb.
Qeyd edək ki, son 2 gün ərzində Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 400-ü ötüb.
Təkcə son sutka ərzində ölkədə daha 453 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 7093-ə çatıb.
Pandemiya qurbanlarının sayı isə 46 nəfərdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi