Gürcüstanda milli musiqi və rəqslərimizi təbliğ edən “Ceyran” rəqs ansamblı - REPORTAJ VİDEO
Tbilisi, 25 oktyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Ceyran” Azərbaycan milli rəqs ansamblı bu ölkədə yaşayan azərbaycanlı gənclərin milli mədəniyyətimizi, adət-ənənələrimizi və rəqs sənətimizi yaşatması və təbliğ etməsi baxımından mühüm rol oynayan kollektivlərdən biridir.
AZƏRTAC-ın xüsusi müxbiri ansamblın məşq prosesini izləyib.
Ansambl 2000-ci ildə Tbilisidə təsis olunub. Kollektiv Gürcüstanda fəaliyyət göstərən “Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzi”nin nəzdində yaradılıb.
Təşkilatın yaradıcısı və rəhbəri Tbilisidəki 164 nömrəli məktəbin müəllimi Ceyran Qurbanovadır. O, uzun illərdir ki, milli rəqslərimizi, mədəniyyətimizi, incəsənətimizi yorulmadan təbliğ edir. Təsis etdiyi ansambl ilə təkcə Gürcüstanın paytaxtında və bölgələrində deyil, Azərbaycanda, Türkiyədə və digər ölkələrdə də mahnı və rəqs festivallarında, milli bayramlarda uğurla çıxış edir.
Ceyran Qurbanova AZƏRTAC-a müsahibəsində deyir: “Əvvəllər Gürcüstanda başqa milli azlıqların rəqs qrupları, ansambılları var idi. Onlar hərdən Azərbaycan milli rəqs və musiqilərini ifa edirdilər. Bir dəfə gürcü rəqs müəllimi mənə azərbaycanlı gənclərdən ibarət rəqs qrupu yaratmağı təklif etdi. O zaman mən həm də Tbilisidəki 64 nömrəli məktəbdə müəllim işləyirdim. İlk qrupu da məhz orada, 2000-ci ildə yaratdım. Bizim bugünkü uğurlarımız da elə o məktəbdən başladı”.
Ansambl uzun illərdir ki, Gürcüstanın paytaxtında və müxtəlif bölgələrində keçirilən mədəni tədbirlərdə, festivallarda, dövlət bayramlarında – o cümlədən Zəfər Günü ilə bağlı tədbirlərdə, “Tbilisoba” şəhər festivallarında və xeyriyyə yarmarkalarında fəal iştirak edir. Kollektivin repertuarına “Qarabağ”, “Xarıbülbül”, “Zəfər”, “Sarı gəlin”, “Laçın” rəqsləri, eləcə də milli yallılar və Azərbaycan xalq rəqsləri, gürcü və türk rəqsləri daxildir.
Onun sözlərinə görə, gənc rəqqasların uğur qazanmasının əsas səbəbi gənclərin həmin mahnıların ruhu ilə yaşamasındadır: “Musiqi o zaman gözəl alınır ki, onu ifa edən şəxs həmin ritmlə yaşasın. İfaçı rəqs zamanı o ritmlə yaşayır, tamaşaçı isə musiqinin sehrinə düşür”.
O deyir: “Gözəl musiqiləri, rəqsləri, şeir və dastanları, nağılları bizə sevdirən onların özəlliyidir. O, musiqinin ruhumuza verdiyi qidadır. Musiqiçilər milli-mənəvi dəyərlərimizi ifa dili ilə bizə çatdırmaqla ruhumuzu qidalandırırlar. O musiqidə biz xalqın ruhunu hiss edirik. Ansamblın qızları və oğlanları da öz rəqsləri ilə bizə, ətrafdakılara həmin musiqinin özəlliyini çatdırırlar”.
Qeyd edək ki, ansamblda artıq yetişmiş, püxtələşmiş rəqqaslar var və onlar bütün rəqsləri bacarsalar da, xüsusilə secərək ifa etdikləri rəqslər mövcuddur.
“Sarı gəlin” mahnısının mahir ifaçısı, xoreoqraf Nəzrin Qəmbərova bildirir: “Mən 13 ildir ansamblda çalışıram. Bütün Azərbaycan rəqslərini ifa edirəm, amma “Sarı gəlin” mənim üçün başqa bir rəqsdir. Mən bu rəqsi ifa edəndə sanki özümü “Sarı gəlin” kimi hiss edirəm”.
Ansamblın xoreoqraflarından olan Susanna Cəlil Xoca da rəqslərimizin gözəl ifaçılarındandır. O deyir: “Biz Azərbaycan milli mədəniyyətini təbliğ edirik. Mənim üçün rəqs musiqi, yaşam tərzi və qürur mənbəyidir. Qürurla da milli mədəniyyətimizi təbliğ edirik”.
Bir məqamı da xatırladaq ki, 2016-cı ilin dekabrında Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar təşkil olunmuş konsertdə “Ceyran” Azərbaycan Rəqs Ansamblı uğurla çıxış edib. O zaman yeniyetmə olan Monika Minasazova məşhur “Turacı” rəqsi ilə tamaşaçıların sevimlisinə çevrilmişdi. Hətta bir çoxları onu əfsanəvi sənətkarımız, Azərbaycanın Xalq artisti Əminə Dilbazinin davamçısı adlandırmışdılar.
Monika bu gün də həmin rəqsi özünəməxsus şəkildə ifa edir.