“Hakimiyyət ustadı sözün kəsərindən doğulur”
Kiyev, 28 aprel, AZƏRTAC
Ukraynanın nüfuzlu «Версии.com Фабрика аналитики» informasiya-analitik nəşrində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev haqqında “Hakimiyyət ustadı sözün kəsərindən doğulur” sərlövhəli geniş məqalə dərc olunub.
Analitik məqalənin müəllifləri hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, əməkdar təhsil işçisi Arif Quliyev və sosial kommunikasiyalar üzrə elmlər namizədi, T.Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika İnstitutunun doktorantı Veronika Çekalyukdur.
Müəlliflər vurğulayırlar ki, dövlət xadimləri və siyasətçilərin hərarətli və müdrik sözləri əməli fəaliyyətləri ilə təsdiqlənməyəndə tamamilə faydasızdır. Heydər Əliyevin dedikləri ilə fəaliyyəti həmişə üst-üstə düşürdü. Azərbaycan xalqının həyatında çox şey Heydər Əliyevin adı ilə bağlıdır. Görəsən, bu gənc dövlətə belə böyük, müdrik və qətiyyətli insan başçılıq etməsəydi, Azərbaycanın taleyi necə olardı?
Məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun dərin intellektindən, fenomenal yaddaşından, güclü iradəsindən və bir çox başqa məsələlərdən ətraflı söz açılır.
Materialda qeyd edilir ki, tarixi və böyük tərbiyəvi əhəmiyyəti olan ibrət dərsləri ilə zəngin bir ömür yolunun öyrənilməsi gələcəyə aparan yolumuzu da müəyyən edir, Heydər Əliyev kimi yaşamağı, Vətəni onun kimi sevməyi öyrədir.
Məqalədə xüsusi vurğulanır ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin göstərdiyi yolla inamla gələcəyə doğru irəliləyir.
Məqalə müəllifləri vurğulayırlar ki, Heydər Əliyev siyasi xadim kimi Ukrayna üçün də çox işlər görüb. Ötən əsrin 80-ci illərində o, Dunay ilə Dnepr çaylarının birləşməsini nəzərdə tutan layihənin müəlliflərini bu fikirdən əl çəkməyə inandırıb, çünki bu layihə ekoloji fəlakətə gətirib çıxara bilərdi. Bundan əlavə, onun dəstəyi ilə “Obolon” zavodu inşa edilib. Heydər Əliyevin təşəbbüsü ilə uşaq yeməkləri fabriki inşa edilib. O, Kiyev Metropoliteninin tikintisinə də yardım göstərib.
Heydər Əliyev Kiyev şəhərinin Fəxri vətəndaşı, Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adlarına layiq görülüb. Kiyevdə Azərbaycanın səfirliyinin yanındakı park onun adını daşıyır, burada Heydər Əliyevin abidəsi ucaldılıb.
Analitik məqalənin müəllifləri xatırladırlar ki, 1999-cu ildə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorlar Şurası sülhpərvər siyasət yürütməsinə və demokratiyanın inkişafına böyük töhfəsinə görə Heydər Əliyevi “XX əsrin görkəmli dövlət xadimi” adına layiq görüb.
Məqalə müəllifləri fikirlərini belə yekunlaşdırıblar: “İnsanı dahi edən gördüyü işlərdir, lakin böyük işlər görmək üçün insanların fövqündə yox, yanında olmaq lazımdır. Heydər Əliyev Azərbaycanın müstəqilliyinə və təşəkkülünə aparan ağır yolu öz xalqı ilə çiyin-çiyinə keçdi, çox ağır bir dövrdə onun qurtuluşu naminə fədakarlıq nümayiş etdirdi. Onun ürəyi milyonlarla azərbaycanlının ürəyi ilə bir döyünürdü”.
Materialn tam mətnini http://versii.com/news/326347/ linkindən oxumaq olar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev