SİYASƏT
Həmvətənimiz professor Arif Quliyev Ukrayna Regionlar Partiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir
Kiyev, 5 sentyabr (AZƏRTAC). Həmvətənimiz, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, “Xalq Diplomatiyası İnstitutu” ictimai təşkilatının idarə heyətinin rəhbəri, “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının və “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” ictimai təşkilatının həmtəsisçisi, Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) sədrinin müavini Arif Quliyev Ukrayna Regionlar Partiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir.
A.Quliyev Ukraynanın baş naziri, Regionlar Partiyasının rəhbəri Nikolay Azarovun imzaladığı bu mükafata Regionlar Partiyasının möhkəmlənməsi və inkişafı işinə sanballı töhfəsinə, Ukrayna Prezidentinin sosial təşəbbüslərinin reallaşmasında iştirakına, aktiv siyasi fəaliyyətinə görə və Regionlar Partiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə layiq görülmüşdür.
Regionlar Partiyasının paytaxt təşkilatının rəhbəri, Kiyev şəhər dövlət administrasiyası sədrinin birinci müavini Anatoli Qolubçenko Arif Quliyevə Fəxri Fərmanı təntənəli şəraitdə təqdim etmişdir.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Prezidentinin Fərmanı ilə Arif Quliyevə “Ukraynanın Əməkdar Təhsil işçisi” fəxri adı verilmişdir. A.Quliyev bu fəxri ada Ukraynanın Müstəqillik Günü ilə əlaqədar, ölkədə dövlət quruculuğu, sosial-iqtisadi, elmi-texniki, mədəni və təhsil baxımından inkişaf işinə verdiyi mühüm töhfələrə, sanballı əmək nailiyyətlərinə və yüksək peşəkarlığına görə layiq görülmüşdür.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev