Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başladı. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu Öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ümummilli Liderin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Bu fikirlər Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlının “Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1969-cu il iyulun 14-də Sovet Azərbaycanının ictimai-siyasi həyatında baş vermiş tarixi dəyişiklik - ömrünü bütünlüklə öz xalqının köklü maraqlarının gerçəkləşməsinə xidmətə həsr etmiş yurdsevər soydaşımız, təşəbbüskar və yüksək enerjili milli kadr Heydər Əliyevin respublikanın ali siyasi rəhbəri vəzifəsinə gəlməsi bir çox başqa sahələrlə yanaşı, mənəvi-humanitar istiqamətin, o cümlədən də milli mədəniyyətimizlə bağlı elmi və mədəni-təşkilati fəaliyyətin sürətli və genişmiqyaslı canlanmasına səbəb oldu.

Ana dili, ədəbiyyat, tarix, musiqi, rəssamlıq, memarlıq, xalçaçılıq, xalq yaradıcılığı və etnoqrafiya kimi ən müxtəlif istiqamətləri cəmləşdirən milli-mənəvi dəyərlər kompleksi o vaxtdan ümummilli lider missiyası ilə fəaliyyətə başlayan Heydər Əliyevin ən yüksək qayğı və diqqəti ilə himayə olundu. Aradan keçən yarım əsrlik dövr çoxminillik tariximizə yeni tipli milli-mənəvi intibah kimi daxil oldu.

Ötən əsrin 70-80-ci illərində müdrik və uzaqgörən bir rəhbər kimi Heydər Əliyevin Azərbaycanda yeritdiyi siyasətin tərkibində xüsusi yer tutan humanitar istiqamət məhz belə bir iqlimin yaranmasına səbəb oldu. Onun xalqımızın tarixi keçmişinə, klassik ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan verdi. O illərdən başlayaraq milli ruhun güclənməsi, vətənçilik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərəçarpacaq bir dalğalanma yaratdı. Heydər Əliyevin siyasi himayədarlığı və öndərliyi ilə həyata keçirilən bu ilkin tərpəniş uzunmüddətli bir mübarizə və mücadilənin əsasını qoyaraq, öncə Azərbaycan ziyalılarını, daha sonra isə bütün xalqı strateji məqsədlər üçün səfərbər etdi.

Yüzillərin qan yaddaşını daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə, o sıradan folklor qaynaqlarına göstərilən qayğı və diqqət bütün Azərbaycan miqyasında özünütanıma, özünüdərk və özünəqayıdış proseslərini hərəkətə gətirdi. Əvvəlki onilliklər üçün yasaq olan “Dədə Qorqud”, “Oğuz”, “Oğuz yurdu”, “Ozan”, “Türk mədəniyyəti”, “Qan yaddaşı” anlayışları respublikada yaranmış münbit zəmindən nəşət taparaq, elmi toplantılarda, ədəbi-mədəni yığıncaqlarda, kitablarda, mətbuatda, radio-televiziya verilişlərində boy göstərdi.

Mənəvi yaddaşın və milli özümlülüyün bərpası İçərişəhər, Şuşa, Ordubad, Gəncə memarlıq komplekslərinin milli qoruq elan edilməsindən, qədim xalçaların muzey-qoruğa ("Xalça muzeyi"nə) cəmləşdirilməsindən, sazı-sözü, muğam sənətini, xalq mahnılarını və rəqs-oyun mədəniyyətimizi himayə edən rəsmi qurumların (Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Pəri Məclisi”, “İrs”, “Atəşgah”, “Gülüstan”, “Yallı” və s. kimi məşhur xalq kollektivləri, "Muğam teatrı", "Dastan teatrı" , "Ozan-Aşıq Muzeyi") yaradılmasından, kütləvi folklor nəşrlərindən, folklorun geniş miqyasda təbliğindən (folklor festivalları, saz bayramları, "Bulaq" və "Ozan" verilişləri, qəzet və jurnallarda folklor səhifələri) başladı və az sonra öz uğurlu nəticələrini göstərdi. Artıq 70-ci illərin ortalarından soy-kökə, milli kimlik məsələlərinə, tarixi qaynaqlarla bağlı problemlərə təkcə alim, müəllim və tələbələrə məxsus ixtisas auditoriyalarının yox, bütün ziyalı təbəqələrinin, o cümlədən gənclərin xüsusi həssaslıq göstərdiyi duyulmaqda idi.

Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 1978-ci ildə akademik Həmid Araslının nəşrə hazırladığı "Kitabi-Dədə Qorqud" kitabı böyük tirajla çapdan çıxdıqdan az sonra sürətlə satılıb qurtarmışdı. Eyni sözləri həmin illərin digər elmi və kütləvi folklor nəşrləri ("Koroğlu", "Azərbaycan dastanları", "Aşıq Ələsgər" və s.) haqqında da söyləmək mümkündür. Kütləvi informasiya vasitələrində folklor irsimizin təbliğinin xalq tərəfindən böyük maraq və rəğbətlə qarşılanması o illərdə radio və telepoçta gələn məktubların sayından da görünməkdə idi. Belə ki, 1975-ci ildə radionun "Bulaq" verilişinin ünvanına həftə ərzində 100-150 məktub daxil olmuşdur. 1979-cu ildə "Ozan" verilişinin həftəlik poçtu daha yüksək göstərici (150- 200 məktub) nümayiş etdirmişdir.

“Kommunist”, "Ədəbiyyat və incəsənət", "Sovet kəndi", "Azərbaycan gəncləri" qəzetlərinin, "Azərbaycan", "Qobustan", "Ulduz", "Kənd həyatı" jurnallarının poçtunda da xalq yaradıcılığı ilə bağlı materiallar xeyli yer almışdır. Bütün bunlar 70-ci illərdə folklor işinə ümumxalq miqyasında həssaslığın səviyyəsini müəyyənləşdirmək baxımından böyük tarixi-mədəni əhəmiyyətə malikdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində (1969-1982) folklorun təbliği, nəşri və tədqiqi istiqamətində həyata keçirilən iri miqyaslı tədbirlər bır qayda olaraq onun şəxsi təşəbbüsü, birbaşa sərəncamı və qayğısı sayəsində mümkün olmuşdur.

Ulu Öndərin respublikaya rəhbərliyini birinci dövrü bir tərəfdən sistemli və sanballı folklor nəşrlərinin vüsət alması ilə səciyyəvidirsə, başqa bir tərəfdən də xalq yaradıcılığı ilə bağlı təşkilati tədbirlərin - aşıqların qurultaylarının çağırılması, "Koroğluya qayıdaq" rubrikası altında silsilə ozan-aşıq tədbirlərinin, dastan axşamlarının təşkil edilməsi, böyük xalq sənətkarlarının yubileylərinin keçirilməsi, xalq istedadlarını üzə çıxaran folklor festivallarının, sonralar ənənə halını alan və Azərbaycan musiqi mədəniyyətinə bir çox istedadlar bəxş edən məşhur "Xan bülbül" müsabiqələrinin təşkil edilməsi və s. ilə əlamətdardır. Azərbaycan Respublikasının mədəni həyatında mühüm hadisəyə çevrilən həmin tədbirlərin böyük əksəriyyətində Heydər Əliyev vaxt taparaq özü şəxsən iştirak etmiş, milli-mənəvi dəyərləri yüksək qiymətləndirən ürək sözlərini söyləmiş, xeyir-duasını vermişdir.

Şübhəsiz ki, respublikanın başında duran birinci şəxsin belə bir mövqe nümayiş etdirməsi həm bu tədbirlərin təşkilatçı və iştirakçılarını, həm də sözün geniş mənasında, xalqı ruhlandıraraq milli-mənəvi dəyərlərimizə qarşı həssaslığı gücləndirmişdir. O illərdə respublika rəhbəri tərəfindən "Xalqın istedadı, onun yaradıcılıq dühası “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və başqa epik əsərlərdə bütün dolğunluğu ilə təcəssüm tapmışdır” - fikrinin söylənilməsi heç də təsadüfi deyildi. Heydər Əliyevin söylədiyi bu və bu qəbildən olan digər istiqamətverici mülahizələr elm və sənət adamlarını milli-mənəvi dəyərlərin öyrənilməsi, qorunması və böyüməkdə olan gənc nəslə mənimsədilməsi işinə yönəldirdi.

Həmin illərdən başlayaraq folklor problematikası elm və bədii yaradıcılıq təşkilatlarının fəaliyyətində aktiv şəkildə gündəmə daxil oldu. Elə buna görə də o vaxtdan etibarən elmi idarə və tədris müəssisələrində türk mifologiyası və qədim türk epos mədəniyyəti, xüsusən də “Kitabi-Dədə Qorqud”la bağlı elmi müzakirələr keçirilməyə başlandı, problematik məqalələrdən ibarət toplular nəşr edildi, eposun elmi-tənqidi mətninin hazırlanması ilə əlaqədar vacib elmi-nəzəri işlər görüldü. H.Araslı, M.H.Təhmasib, M.Seyidov, F.Zeynalov, T.Hacıyev, S.Əlizadə, Ş.Cəmşidov, E.Əlibəyzadə, B.Abdulla və başqa tədqiqatçıların bu sahədəki elmi fəaliyyəti gücləndi. Azərbaycan folklorşünaslığının ən mötəbər tədqiqatçılarından olan M.H.Təhmasibin "Azərbaycan xalq dastanları (orta əsrlər)" (Bakı, Elm, 1972) adlı sanballı monoqrafiyası da bu dövrün məhsulu oldu.

"Qobustan", "Azərbaycan", "Ulduz" jurnallarında, "Azərbaycan filologiyası", "Filologiya məsələləri" məcmuələrində türk mifoloji düşüncə sistemi, tarixi-etnik yaddaş, soykökə qayıdış, milli kimlik probleminin folklor və etnoqrafiya mədəniyyətimizdə inikası məsələlərinə həsr olunmuş çoxsaylı məqalələrin ardıcıl şəkildə çap olunması da elmi-mədəni həyatın milli ovqatını əks etdirirdi. 70-ci illərdən start götürən Dədə Qorqud hərəkatı qarşıdan gələn onilliklərin Qorqud elmi məkanına çevrilməsini təmin edə bildi: Azərbaycan qorqudşünaslığı bir-birinin ardınca abidənin kamil mətnlərini nəşr etdi, Dədə Qorqudla bağlı sistemli araşdırmalar ortaya çıxdı.

Qorqudşünaslığın ən nüfuzlu elmi toplantıları təkcə keçmiş Sovetlər İttifaqı miqyasında deyil, beynəlxalq səviyyədə də Azərbaycanda mərkəzləşdi. Qorqudçuluq təkcə elm-təhsil sistemi ilə çərçivələnmədi. Yazıçılar, rəssamlar, heykəltaraşlar, kinematoqrafçılar Dədə Qorqud mövzu və motivlərinə üz tutdular. Anarın ssenari müəllifi olduğu "Dədə Qorqud" filmi bu sahədə ən böyük uğurlardan biri oldu. Azərbaycan hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət tapan bu gözəl kino əsəri Qorqud obrazının və eposdakı vətənpərvərlik, qəhrəmanlıq, bahadırlıq ideyalarının təbliğində ölçüyəgəlməz dərəcədə böyük rol oynadı.

Qorqud ruhunun, milli ideyaların, oğuz mənəvi-estetik dünyasının yenidən xalqa mənimsədilməsində "Dədə Qorqud" filmi ilə yanaşı, M.Abdullayev, F.Əliyev, M.Avşar və başqa tanınmış rəssamların Dədə Qorqud motivləri əsasında çəkdikləri silsilə rəsm əsərləri, xalça ustalarının hazırladıqları Qorqud xalçaları, çağdaş heykəltaraşlıqda yer alan çeşidli Qorqud motivləri də əhəmiyyətli iş gördü. Qorqud ruhuna qayıdış İ.Şıxlı, Ə.Cəfərzadə, İ.Hüseynov, Anar, Elçin, M.Süleymanlı, F.Kərimzadə, Ə.Muğanlı, S.Oğuz, V.Nəsib, M.Oruc kimi yazıçıların yaradıcılıq axtarışlarında öz əksini tapdı: onların qələmə aldıqları müxtəlif səpkili nəsr əsərlərinin dil və üslub keyfiyyətlərində “Kitabi-Dədə Qorqud” eposuna məxsus poetik-üslubi maneralar, bədii-estetik cizgilər qabarıq yer aldı.

O illərdə R. Rza, O. Sarıvəlli, H. Arif, B. Vahabzadə, N. Xəzri, X.R.Ulutürk, M.Araz, M.Günər, M.İsmayıl, M.Yaqub, N.Həsənzadə, S.Rüstəmxanlı, Dilsuz, A.Abdullazadə kimi istedadlı şairlərin şeirlərində Qorqud motiv və obrazları milli-tarixi özümlüyün poetik ifadəsinə çevrildi. Ötən əsrin 80-ci illərində azadlıq hərəkatının xüsusi bir vüsətlə dalğalanmasında, 90-cı illərin əvvəllərində milli istiqlal mücadiləsi və Vətən torpaqlarının bölünməzliyi, bütövlüyü uğrunda mübarizə prosesində "Qorqud" və qorqudçuluğun müstəsna mənəvi dəstəyi oldu.

Müstəqilliyin ilk illərində Azərbaycanın üzlədiyi faciəli böhranı xalqın tələbi ilə 1993-cü ilin yayında hakimiyyətə qayıdıb müdriklik və qətiyyətlə aradan qaldıran ümummilli lider Heydər Əliyev yeni şəraitdə milli-mənəvi dəyərlərin qorunub zənginləşdirilməsini suveren dövlətin prioritetləri səviyyəsinə yüksəltdi. Bu mənada 1996-cı ildə Xəzər dənizində müstəqil Azərbaycanın ilk nəhəng üzən qazma qurğusunun "Dədə Qorqud" adı ilə fəaliyyətə başlaması da çox təbii göründü. Nəhəng qurğunun açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz çıxışında "Dədə Qorqud" adının tarixi simvolikasında yer alan müdriklik və uzaqgörənlik anlamlarını xüsusi vurğuladı.

Ən nəhayət bütün bunların məntiqi nəticəsi kimi 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik yubileyinin qeyd olunması barədə tarixi Fərman imzaladı. "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik yubileyinin UNESCO tərəfindən dünya miqyasında keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından Prezident Heydər Əliyev qaldırdı və az sonra həmin beynəlxalq qurum yubileylə bağlı təklifi qəbul etdi.

Ulu öndər klassik irsin, keçmişin ən yaxşı dəyərlərinin çağdaş nəsillərin milli ruhda tərbiyəsində önəmini vurğulayaraq deyirdi: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyim tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir".

Məhz dövlətçilik düşüncəsi kontekstində yanaşma və dəyərləndirmə nəticəsində Heydər Əliyev dünyası "Kitabi-Dədə Qorqud"un bir qəhrəmanlıq eposu olaraq əsas mahiyyətində duran alp-ərənlik, cəngavərlik motivini yeni, özünəməxsus biçimdə şərh edib mənalandırdı: "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası baş sərkərdədən tutmuş böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir".

Tarixi keçmişimizə, əsrlərin daş sınağından keçib gələn saz-söz qaynaqlarımıza, xalqımızın tarixin müxtəlif mərhələlərində yetişdirdiyi ustad sənətkarlara həqiqi qədirbilənliklə yanaşdığındandı ki, onun təşəbbüsü və sərəncamı ilə böyük xalq ozanlarımız Aşıq Ələsgərin 150 illik (1972-ci il), Aşıq Alının 180 illik (1981-ci il) yubileyləri böyük təntənə ilə, ümumxalq bayramı səviyyəsində qeyd olunmuşdur. 1972-ci ildə Heydər Əliyevin qeyri-adi təşkilatçılıq bacarığı və həm də böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi.

İstər Bakıda, istərsə də Moskvada keçirilmiş Aşıq Ələsgər yubileyinə keçmiş sovetlər birliyinin bütün respublikalarında ən tanınmış elm, mədəniyyət və incəsənət xadimləri toplanmışdılar. Müxtəlif millətlərdən olan natiqlər Kremlin Qurultaylar Sarayında Aşıq Ələsgərin timsalında Azərbaycan saz-söz sənətinin ecazkar qüdrətindən söz açdılar. Yubiley tədbirlərinin İttifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin 150 illiyini qeyd etmək məcburiyyəti qarşısında qoydu. Ermənistan SSR ərazisində olan Göyçə mahalında - Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyev nüfuzunun sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi. 2001-ci ildə isə dövlət başçımızın Sərəncamı əsasında Aşıq Ələsgərin 180 illiyi təntənə ilə qeyd olundu. Aşığın adının əbədiləşdirilməsi, poetik irsinin tədqiq və təbliği istiqamətində irimiqyaslı iş aparıldı.

1981-ci ildə Aşıq Alının 180 illik yubileyinin respublikamız-da təntənə ilə qeyd olunması da Heydər Əliyevin şəxsi təşəbbüsünün nəticəsi idi. Məhz həmin yubiley qərarından sonra Aşıq Alının poetik irsinin toplanılması, nəşri və təbliği sahəsində geniş miqyaslı elmi-təcrübi işlər aparılmış, böyük el sənətkarının yaratmış olduğu bənzərsiz və zərif söz inciləri itib-batmaqdan qorunmuşdur.

Ötən əsrin 70-ci illərindən başlayaraq istedadlı el sənətkarlarının yaradıcılıq və ifaçılıq sahəsində qazandıqları uğur və nailiyyətlərə görə bir çox dövlət təltiflərinə layiq görülməsi də Heydər Əliyevin xalq yaradıcılığına, folklora qayğıkeş münasibətinin əyani ifadəsi olmuşdur. Həmin illərdə tanınmış el sənətkarları Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Əkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov və Aşıq İmran Həsənov "Əməkdar incəsənət xadimi", musiqi folklorunun əvəzsiz ifaçıları olan İzzətalı Zülfüqarov, Ələsgər Şəkili və Əli Kərimov isə "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldülər.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu ənənə müstəqillik illərində də davam etdirildi. Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov kimi qocaman ustadlara fəxri Prezident təqaüdünün verilməsi, Aşıq Əhliman Rəhimov və Ədalət Dəlidağlının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi buna sübutdur. İstedadlı saz-söz ifaçıları və folklor kollektivləri ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyevin yaratdığı imkanlar sayəsində dəfələrlə beynəlxalq festivallara göndərilmişdi. Azərbaycan rəhbərliyinin ruh yüksəkliyi ilə uğurladığı xalq istedadları Fransa, İspaniya, Yunanıstan, Bolqarıstan, Macarıstan, Polşa, Hollandiya, Monqolustan, Çin, Almaniya və Avstriyada keçirilmiş Beynəlxalq Folklor festivallarından respublikamıza laureat adı ilə qayıtmışdılar.

Qazanılmış uğurlar həmin dövrdə respublikada folklor istedadlarına yaradılmış gözəl şəraitin məntiqi nəticəsi idi. Təkcə belə bir faktı xatırlatmaq yetərlidir ki, 70-80-ci illərdə başqa respublikalarda folklor kollektivləri ictimai əsaslarla fəaliyyət göstərdikləri halda, Azərbaycanda belə qurumlar mədəniyyət sarayları strukturuna yerləşdirilərək büdcədən maliyyələşdirilirdi.

1980-ci ildə respublika rəhbərliyinin göstərişi ilə Ağstafada "Saz məktəbi"nin açılması, daha sonra Tovuzda Hüseyn Bozalqanlı adına "Ozan-Aşıq Muzeyi"nin yaradılması folklorla bağlı görülən böyük tədbirlər cərgəsindədir. Bu dövrdə folklor işinə maraq o qədər güclənmişdi ki, respublika və rayon qəzetlərində folklor səhifə və guşələrinin verilməsi, ali və orta məktəblərdə folklor mərasimlərinin təşkil edilməsi adi hal almışdı. Hətta bir sıra yerlərdə folklor bayramları - "Qurbani saz bayramı" (Cəbrayıl, 1978), "Bayatı bayramı" (Laçın, 1979), "Dastan gecəsi" (Tovuz, 1980), "Koroğluya qayıdaq" (Bakı, 1982) və s. keçirilirdi. Azərbaycan Dövlət Filarmoniyasında ardıcıl şəkildə Borçalı, Göyçə, Tovuz, Gədəbəy, Şirvan, Gəncə aşıqlarının konsertləri təşkil edilirdi.

Azərbaycan Respublikası hüdudlarından kənarda - qonşu Gürcüstan və Ermənistan respublikalarında yaşayan Borçalı və Göyçə aşıqları - Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Fətulla Göyçəli, Hacı Bayramov kimi ustad sənətkarlar tez-tez Bakıya dəvət olunur, konsertləri təşkil edilir, repertuarları yazıya alınırdı. Göründüyü kimi, milli mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı həyata keçirilən tədbirlər kompleksinin arxasında olduqca uzaqgörən bir siyasət yürüdülürdü.

Strateji məqsəd daşıyan bu siyasət özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qoruma işinə xidmət edirdi. Heydər Əliyevin yetmiş-səksəninci illərdə milli-mənəvi sərvətlərimizə verdiyi qiymət, göstərdiyi qayğı və diqqət onun doxsanıncı illərdəki fəaliyyətinin də ayrılmaz tərkib hissəsi olaraq qalırdı. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra o, həyatımızın digər sahələri kimi, mənəvi-mədəni dəyərlər istiqamətini də daim diqqət mərkəzində saxlayaraq, bu sahənin perspektivi üçün sistemli tədbirlər həyata keçirdi.

Azərbaycanda folklor işinin yüksək səviyyəli təşkilini həyata keçirmək üçün 1994-cü ildə Milli Elmlər Akademiyasında xüsusi elmi statusa malik Folklor Elmi-Mədəni Mərkəzinin yaradılması həmin dövr üçün çox mühüm bir addım idi. Folklorun toplanması, nəşri, tədqiqi və təbliği sahəsindəki fəaliyyətin köklü şəkildə yenidən qurulması və mənəvi quruculuqda aparıcı istiqamətlərdən birinə çevrilməsi ölkə Prezidentinin humanitar sahədəki strateji siyasətinin tələbi idi. 2003-cü ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdindəki Folklor Elmi-Mədəni Mərkəzinin müstəqil elmi-tədqiqat qurumuna - Folklor İnstitutuna çevrilməsi bu sahəyə qayğı və himayənin nə qədər güclü olduğunu bir daha təsdiqlədi.

2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində "Folklor haqqında Qanun"un qəbul edilməsi və Prezident Heydər Əliyev tərəfindən təsdiqlənməsi faktı da müstəqil Azərbaycan dövlətçiliyinin mənəvi humanitar həyatında folklor mədəniyyətinə diqqət və qayğının əyani təzahürü idi. Bu həssas münasibətin nəticəsi olaraq elmi-tədqiqat müəssisələrində, universitetlərdə, konservatoriyada, eləcə də kütləvi informasiya vasitələrində folklor işinə xüsusi maraq göstərilməyə başlandı. Azərbaycan folklor və etnoqrafiya mədəniyyətinin geniş arenada tanıdılması məqsəd ilə "Folklor və etnoqrafiya" beynəlxalq elmi jurnalı işıq üzü gördü. Ümummilli Liderin mədəniyyətimizin inkişafına diqqət və qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənətimiz dünya miqyasında tanındı. Onun bu sahəyə görsətdiyi böyük diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi.

Vaxtilə yasaqlara məruz qalmış Novruz bayramının Azərbaycanda hər il dövlət səviyyəli tədbir kimi keçirilməsi də ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə sıx şəkildə bağlıdır. 1979-cu ildə İçərişəhərdə keçirilən Novruz şənlikləri onun göstərişi əsasında Azərbaycan televiziyası ilə birbaşa translyasiya edilmişdir. Bu, həmin dövr üçün böyük cəsarət tələb edən bir hərəkət idi. Şübhəsiz ki, belə bir addımın atılmasında böyük siyasi avtoritet kimi Heydər Əliyev şəxsiyyəti mühüm rol oynamışdı. XX əsrin 70-80-ci illərində milli-etnoqrafik həyatımızla bağlı bayram mərasimlərinin keçirilməsini mümkün ola biləcək imkanlar daxilin təşkil və himayə edən Heydər Əliyev doxsanıncı illərdə - hakimiyyətinin ikinci dönəmində Novruz bayramının dövlət statuslu bayramlar sırasına daxil edilməsini gerçəkləşdirmişdir.

Göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin bənzərsiz tarixi fenomenliyi onun dünya miqyaslı böyük siyasi xadim olmaqla yanaşı, doğma xalqına məxsus adət-ənənələri dərindən bilməsi, onları öz şəxsi həyatının nümunəsində qoruması və yaşatması amili ilə də çıx bağlı idi. Dilimizin, ruhumuzun incəliklərinə, tariximizin dərin qatlarına, ədəbi-mədəni abidələrimizə müdrik meyarlar və dəqiq elmi-nəzəri ölçülərlə qiymət verən Heydər Əliyev təkcə Azərbaycan hüdudlarında dəyərləndirmələr aparmırdı. Onun mülahizə və düşüncələri Azərbaycan mənəvi-mədəni gerçəkliklərini Şərq mədəniyyəti kompleksi, ümumtürk konteksti daxilində təqdim və təhlil edirdi.

Ulu öndər Heydər Əliyevin təkcə Bakıda yox, dünyanın ən müxtəlif yerlərində, ən mötəbər mədəniyyət və siyasət kürsülərində tarixi keçmişimizlə, mənəvi dəyərlərimizlə bağlı söylədiyi fikir və mülahizələr bu baxımdan öz konseptuallığı ilə seçilirdi. Mənəvi mədəniyyətlərimizin tarixi köklərinin türk xalqlarının ortaq keçmişində - vahid etnik-mədəni sistem daxilində təşəkkül tapması fikrini Heydər Əliyev özünəməxsus məntiq və faktlar əsasında açıqlayırdı. “Biz, adətən, böyük tariximiz haqqında, xalqlarımızın böyük tarixi mədəniyyəti haqqında danışarkən, birinci növbədə, onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edirik, onları nümunə gətiririk”.

Heydər Əliyevin nitqinin səlistliyi onun xalqının şifahi və yazılı ədəbiyyata vurğunluğundan irəli gəlirdi. Klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini onun sevdiyi qədər heç kəs mütaliə etmirdi. Dünyada bütün zamanlar üçün natiqliyin yeganə ustası Demosfen sayılır. O, öz çıxışları ilə Makedoniyalı İsgəndər kimi dünya fatehini qorxuya salırdı. Heydər Əliyev ondan fərqli olaraq iki dildə böyük söz ehtiyatına malik idi, elə bir jurnalist sorğusu və problem yox idi ki, onun qarşısında aciz qalsın. Elmin, incəsənətin, ədəbiyyatın, texnikanın və istehsalın elə bir sahəsini tapmaq mümkün deyildi ki, onun barəsində ən bacarıqlı tədqiqatçı, sənətşünas və mütəxəssis kimi söz açmasın. Natiqliyinə görə Heydər Əliyevi ancaq Siseron və Demosfenlə müqayisə etmək olar. Onun dövlət rəhbərliyindən əvvəl işlədiyi yüksək vəzifələrdə ancaq rus dili işlənirdi. Lakin həmişə xalqla - zəhmət və sənət adamları ilə təmasda olan ölkə başçısı daim ana dilinin inkişafına çalışırdı. O, gülərüzlüyü, səmimiliyi, bir də saf söhbətləri ilə əbədilik yaddaşlara həkk edilib.

Sevindirici haldır ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Xalqımız öz Ulu Öndərinin anadan olmasının 100-cü ildönümünü fərqli ovqatla qeyd etməyə hazırlaşır. 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Biz doğma Qarabağımıza qovuşduq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünyaşöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Beynəlxalq Muğam Mərkəzi fəaliyyət göstərir, Milli Xalça Muzeyi inşa olunub, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarında güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.

Bütün mübariz həyatı boyu apardığı qlobal, uzaqgörən və taleyüklü siyasətlə vətən, millət öndərinə, qurtuluş gətirən xilaskara çevrilən Heydər Əliyevə Azərbaycan xalqının dərin, sarsılmaz sevgisi və sonsuz ehtiramı yığıncaq və toplantılarda tez-tez diqqəti çəkən "Heydər - Xalq" şüarında çox dəqiq ifadə edilmişdir. Xalq öz Ümummilli Liderini ruhunun, varlığının yenilməz ifadəçisi və əvəzolunmaz tərcümanı kimi görür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO