Heykəltaraş Rahib Qarayev “Çövkən” əsərində qədim atüstü oyunun dinamikasını əks etdirib
Dünya Köçəri Oyunlarının ideyası ilə səsləşən kompozisiyada insan, at və təbiət arasındakı harmoniya təcəssüm etdirilir
Bakı, 1 sentyabr, AZƏRTAC
Bu il yaratdığım “Çövkən” kompozisiyası insan və at arasındakı qədim bağlılığı, hərəkət və dinamikanı, habelə milli-mədəni yaddaşın canlılığını əks etdirir. Bu heykəltaraşlıq kompozisiyasında qədim oyunun hərəkət, dinamika, mübarizə və azadlıq ruhu müasir plastik ifadə vasitələri ilə canlandırılıb.
Bunu AZƏRTAC-a açıqlamasında kompozisiyanın müəllifi, Azərbaycan Rəssamlıq Akademiyası Heykəltaraşlıq kafedrasının baş müəllimi, Rəssamlar İttifaqının üzvü, heykəltaraş Rahib Qarayev söyləyib.
Müsahibimiz bildirib ki, çövkən türk xalqlarının zəngin mədəni irsinin mühüm nümunələrindən biridir. Əsrlər boyu bu oyun yalnız yarış və əyləncə vasitəsi kimi deyil, həm də cəsarətin, çevikliyin, fiziki hazırlığın, döyüş bacarığının və kollektiv ruhun göstəricisi kimi mühüm əhəmiyyət daşıyıb. Əsərin kompozisiya həllində əsas məqsəd çövkənin dinamik xarakterini və oyunun yaratdığı emosional gərginliyi tamaşaçıya çatdırmaq olub. Bir-birinə qovuşan at və insan fiqurları sürəti, hərəkəti və yarışın gərginliyini ifadə edir. Kompozisiyanın açıq və axıcı quruluşu isə köçəri həyat tərzinin əsas xüsusiyyətlərindən biri olan azadlıq duyğusunu simvolizə edir.
Müəllifin yanaşmasına əsasən, “Çövkən” əsərində qədim oyun yalnız tarixi keçmişin bir parçası kimi deyil, bu gün də yaşayan mədəni yaddaşın və milli kimliyin dinamik ifadəsi kimi təqdim olunur. Dünya Köçəri Oyunlarının ideya və ruhu ilə səsləşən kompozisiyada insan, at və təbiət arasındakı qədim harmoniya müasir heykəltaraşlıq dili ilə yenidən təcəssüm etdirilir.
Əsərin plastik həlli vasitəsilə müəllif milli-mədəni irsin müasir sənətdə yaşadılması, qədim ənənələrin yeni bədii ifadə formaları ilə gələcək nəsillərə çatdırılması ideyasını ön plana çəkir.
Müxbir - Tünzalə Arazlı