ICESCO sülh mədəniyyətinin dəstəklənməsi mövzusunda beynəlxalq konfrans keçirib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında sülh mədəniyyətinin dəstəklənməsinə, Qərb və İslam ölkələrinin münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, yüksək səviyyəli rəsmilər və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirdə sülh mədəniyyətinin dəstəklənməsinin zəruriliyi vurğulanıb. Çıxışlarda qeyd olunub ki, hazırkı şəraitdə dialoq və anlaşma, mədəni mübadilə üçün yeni üfüqlər açmaq, mərhəmət dəyərlərini təbliğ etmək, nifrət və təhriklərə qarşı çıxmaq müxtəlif dinlərə və sivilizasiyalara mənsub olan xalqların qarşısında duran əsas vəzifələrdir.
ICESCO-nun Almaniyanın “Mouatana” Dialoq və Anlaşma İnstitutu ilə birgə keçirdiyi beynəlxalq konfrans “Qurani-Kərim”dən ayələrin tilavəti ilə başlayıb. Konfransı açan təşkilatın Baş direktoru Salim Əl
Malik ekspertləri Qərbin ən inkişaf etmiş dövlətlərindən biri olan Almaniya ilə İslam aləmi arasındakı unikal əlaqələrin üzərində düşünməyə, onu tədqiq etməyə və öyrənməyə dəvət edib. O vurğulayıb ki, bu münasibətlər tolerantlıq və dini-mədəni dəyərlərə qarşılıqlı hörmət baxımından təqdirəlayiqdir.
Baş direktor İslam mədəniyyətinin əsrlər boyu tədqiqatçılar üçün zəngin bir araşdırma sahəsi olduğunu diqqətə çatdıraraq, alman mütəfəkkirlərinin ərəb-İslam mədəniyyətinin xəzinələrinin dünyaya tanıdılmasında xüsusi rolunu qeyd edib. O əlavə edib ki, bu qərəzsiz tədqiqat əsərləri İslam ölkələrinin universitetlərində də tədris olunur. ICESCO-nun Baş direktoru bildirib ki, hazırda dünyanın qarşılıqlı anlayışın möhkəmlənməsinə və müqəddəs rəmzlərə qarşı fanatizm və təcavüzün qarşısını almaq üçün mədəni fərqlərin ifadə edilməsində daha yaxşı yollar tapmağa ciddi ehtiyacı var.
Konfransda alman, ingilis və İslam ölkələrinin alimləri çıxış ediblər. Onlar dünyanın bu təlatümlü dövründə bəşəriyyətin nifrət ritorikasına, dini və etnik zəmində zorakılığa qarşı birgə mübarizə aparmasının əhəmiyyətini qeyd ediblər.