İdarə Heyətinin sədri: İşçilərin iqlim dəyişikliklərinin yaratdığı risklər barədə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Bakı, 10 sentyabr, AZƏRTAC
İqlim dəyişikliyi şəraitində əsas sualımız ondan ibarətdir ki, işçilərə təsir edə biləcək müxtəlif risk və təhlükələri necə qarşılamaq və onların qarşısını nə cür almaq lazımdır? Həm mövcud təcrübə, həm də aidiyyəti institutların, o cümlədən Beynəlxalq Əmək Təşkilatının qabaqcıl yanaşmaları göstərir ki, bu istiqamətdə ən effektiv vasitələrdən biri təlimlərin keçirilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "İqlim dəyişikliyi şəraitində əməyin mühafizəsi" adlı dəyirmi masada çıxış edərkən deyib.
“Biz təlimlər vasitəsilə yalnız qanunvericiliyin tələblərinin və ondan irəli gələn müddəaların yerinə yetirilməsini təmin etməklə kifayətlənməməliyik. Bunlar, təbii ki, yerindədir. Lakin təcrübə göstərir ki, təlimlərimizi spesifik sahələr üzrə daha da ixtisaslaşdırmalıyıq. Yəni hər bir müəssisənin fəaliyyət istiqamətinə uyğun ümumi təlim proqramları ilə yanaşı, hər bir işçinin konkret iş yerində gördüyü işdən irəli gələ biləcək təhlükə və risklərin qarşısının alınmasına yönəlmiş xüsusi təlimlərin və təlim vəsaitlərinin hazırlanması və keçirilməsi böyük əhəmiyyət kəsb edir. Təlimlərin effektivliyində əsas məsələlərdən biri də kadr potensialıdır. Burada əsas məqsəd işçilərin bilik və bacarıqlarının artırılması və bu biliklərin mütəmadi olaraq yenilənməsidir. Bu baxımdan işçilərin iqlim dəyişikliklərinin yaratdığı risklər barədə maarifləndirilməsi, onların müvafiq bilik və bacarıqlarla təmin olunması və bu istiqamətdə təlimlərin mütəmadi keçirilməsi xüsusi əhəmiyyət daşıyır", - deyə o diqqətə çatdırıb.