İDMAN
İdmançılarımız beynəlxalq festivalda uğurlu çıxışlarını davam etdirirlər
Yekaterinburq, 23 avqust, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan idmançılarının uğurlu çıxışları davam edir.
AZƏRTAC xəbər verir ki, güləşçimiz Gültəkin Şirinova (53 kiloqram) yarımfinalda rusiyalı Aldunai Darzhaa ilə üz-üzə gəlib. Rəqibi üzərində 14:4 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi finalda iştirak etmək hüququ əldə edib.
65 kiloqram çəkidə mübarizə aparan Birgül Sultanova isə finala gedən yolda qırğızıstanlı Diınaz Sazanovaya uduzub - 7:8. Üçüncü yer tutan güləşçimiz bürünc medala sahib çıxıb.
Bundan əlavə, Azərbaycan üzgüçüsü Ramil Vəlizadə 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə finala vəsiqə qazanıb.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.