CƏMİYYƏT
İki yüz illik işğal tarixi 44 gündə Qələbə təqvimi ilə əvəzləndi
















Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Bakıda ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Anım mərasimində çıxış edən təşkilatçılar - Vətən müharibəsi qazisi Elmin Mehdiyev, Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Sadiq Aslanov, həmçinin Xəyal Musayev və Sahil Səhratlı ordu və xalqın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək 44 gün ərzində 200 illik işğal tarixini Qələbə təqvimi ilə əvəzlədiyini deyiblər. Bildirilib ki, sentyabrın 27-də düşmən təxribatlarına cavab olaraq başladılan əks-hücum əməliyyatı qısa müddətdə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Özlərini “məğlubedilməzlik” yalanına inandıran Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları biabırçı məğlubiyyətə uğradılar. Lakin bundan dərs almayan Ermənistan ordusu dəfələrlə təxribatlara əl atdı, hər dəfə də rəşadətli Ordumuzun cəsur və ayıq-sayıq hərbi qulluqçuları onlara dəmir yumruğun zərbəsini daddırdılar.
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi son antiterror tədbirlərindən də bəhs edən çıxışçılar 24 saat tamam olmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ağ bayraq qaldırdığını, bununla da Silahlı Qüvvələrimizin növbəti dəfə parlaq qələbə qazandığını diqqətə çatdırıblar.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova çıxış edərək, 2020-ci iyulun iyulunda baş vermiş Tovuz döyüşlərindən sonra xalqımızın ayağa qalxdığını, minlərlə gəncin şəhid generalın qisasını almaq üçün irəli atıldığını bildirərək deyib: “Poladın şəhid olması ilə başlayan yol Şuşaya qədər uzandı. Vətən müharibəsində qazanılan Zəfər bizə asan başa gəlmədi. Neçə-neçə igid oğullarımız müqəddəs amal uğrunda canlarından keçdilər. Poladın da, ərazi bütövlüyümüz uğrunda canlarından keçən digər qəhrəmanların da ruhu o torpaqlara yeni nəfəs gəldikcə, məcburi köçkünlər öz yurd-yuvalarına döndükcə şad olacaq”.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri Vətən uğrunda canından, sağlamlığından keçənlərin unudulmayacağını, qədirbilən xalqımızın hər zaman onların yanında olacağını bildiriblər.
Şəhid ailəsi üzvləri və qazilər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, dövlət səviyyəsində onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən məmnunluqlarını ifadə ediblər.
Anım mərasimində, həmçinin şəhidlərin ruhuna "Qurani-Kərim"dən ayə və surələr oxunub.
Tədbir bədii hissə ilə davam edib.