İkinci Bakı Beynəlxalq turizm filmləri festivalına film qəbulu başa çatmışdır
Bakı, 16 iyun (AZƏRTAC). İyunun 25-dən 29-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində ikinci Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivala film qəbulu yekunlaşmışdır. Müsabiqə komissiyasına 58 ölkədən 405 film daxil olmuşdur. Festivalın təşkilat komitəsi seçim apararaq, göndərilən filmlər arasından müsabiqə proqramını müəyyən edəcəkdir. Müsabiqəyə buraxılan filmlər arasında 6 kateqoriya üzrə qaliblər müəyyənləşəcəkdir. Beynəlxalq münsiflər heyəti hər kateqoriyadan 3 filmi seçərək mükafatlandıracaqdır.
Birinci yerin sahibinə qızıl mükafat, diplom və 2000 avro, ikinci və üçüncü yerləri tutan filmlərə müvafiq olaraq gümüş, bürünc mükafat və diplom təqdim ediləcəkdir. Festivalın ən yaxşı filmi isə “Qran-pri” mükafatı və 4 min avro məbləğində pul vəsaiti alacaqdır.
Yerli filmlər, eyni zamanda, milli mükafat uğrunda mübarizə aparacaqlar.
Festival çərçivəsində seminarlar, müzakirələr də təşkil ediləcək, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında fikir və təcrübə mübadilələri aparılacaqdır.
Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin üzvüdür.
Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündür.