İLK YOLDAŞLIQ GÖRÜŞÜ AZƏRBAYCAN YIĞMA KOMANDASININ QƏLƏBƏSİ İLƏ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 8-də Bakının “Şəfa” stadionunda Azərbaycan və Moldovanın 21 yaşlılardan ibarət futbol üzrə milli yığma komandalarının yoldaşlıq görüşü keçirilmişdir.
Baş hakim İmamxan Sultaninin idarə etdiyi oyunun 10-cu dəqiqəsində milli yığmamızın 11 nömrəli hücumçusu Ramazan Abbasov hesabı açmışdır - 1:0. Qarşılaşmanın birinci hissəsində komandamızın 5 nömrəli oyunçusu Cəmşid Məhərrəmova oyunun qaydasını pozduğu üçün xəbərdarlıq edilmişdir.
Oyunun 25-ci dəqiqəsində isə 6 nömrəli oyunçumuz Rəşad Sadiqov yığmamızın ikinci qolunu Mixail Payusun qoruduğu qapıdan keçirmişdir. Birinci hissənin sonuna yaxın Azərbaycan yığma komandasının 15 nömrəli oyunçusu Vladimir Levini 7 nömrəli oyunçu Ramal Hüseynov əvəz etmişdir. Beləliklə, ilk hissə 2:0 hesabı ilə başa çatmışdır.
Qarşılaşmanın ikinci hissəsi moldovalıların hücumları ilə başlanmış və qapıçı Kamran Ağayev onların bir neçə zərbələrinin qarşısını almışdır. 59-cu dəqiqədə 5 nömrəli hücumçumuz Cəmşid Məhərrəmov qonaqların qapısı qarşısında real qol vəziyyəti yaratsa da, qapıçı Mixail Payus komandasını növbəti qoldan xilas etmişdir. Oyunun 84-cü dəqiqəsində isə Rəşad Kərimov Mixail Payusla təkbətək çıxmış, lakin bu imkandan yararlana bilməmişdir.
Görüşün 85-ci dəqiqəsində isə Moldovanın 11 nömrəli hücumçusu Anatoli Dorosun on bir metrlik cərimə zərbəsi ilə hesab arasındakı fərqi azaltmışdır - 2:1. Rəqibin hesabı bərabərləşdirmək cəhdləri nəticəsiz qalmış və beləliklə, görüş 2:1 hesabı ilə yığma komandamızın xeyrinə başa çatmışdır.