İngiltərədə Göytəpə arxeoloji abidəsinə həsr olunmuş monoqrafiya nəşr edilib
Bakı, 4 fevral, AZƏRTAC
İngiltərənin Oksford şəhərindəki məşhur “Archaeopress” nəşriyyatı Azərbaycanın 8 min il yaşı olan Göytəpə qədim yaşayış yeri (Azərbaycan, Tovuz rayonu) haqqında fundamental elmi monoqrafiyanı ingilis dilində nəşr edib.
Qərbin ən nüfuzlu elmi nəşriyyatlarından birinin son illərin tədqiqatları olan Göytəpə arxeoloji kompleksinə dair monoqrafiyanı öz xərcləri hesabına nəşr etməsi ölkəmizin arxeologiya elmində ilk olan hadisədir.
“Göytəpə: Azərbaycanda, Orta Kür hövzəsində Neolit dövrünün tədqiqatları” (Göytepe: Neolithic Excavations in the Middle Kura Valley, Azerbaijan) adlı əsərin həmmüəllifləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərhad Quliyev və Tokio Universitetinin (Yaponiya) tarixəqədərki arxeologiya üzrə professoru, həmin universitetin muzeyinin direktoru, doktor Yoşihiro Nişiakidir.
Bu barədə AZƏRTAC-a Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, 384 səhifədən, 285 şəkil və 37 tablodan ibarət monoqrafiya yerli arxeoloji mədəniyyətin lokal variasiyalarından biri olan və bizim eradan əvvəl VI minilliyə aid Göytəpə erkən kənd tipli yaşayış yerinin Azərbaycan və Yaponiya arxeoloqlarının müştərək tədqiqatlarının ilkin (2008-2013) nəticələrini əks etdirir. Monoqrafiyanın təqdimat mətnində də göstərilib ki, Göytəpə Cənubi Qafqazda Neolit dövrünə aid zəngin yaşayış yerlərindən biridir. Müxtəlif elm sahələrinin arxeoloji tədqiqatlarda tətbiqi vasitəsilə abidənin radiokarbon tarixləri, Neolit dövrünün memarlığı, erkən texnologiyalar, sosial təşkilatlanma, bitki və heyvanların istifadəsi kimi məsələlərə aydınlıq gətirilib. Elmi əsərdə Azərbaycan ərazisində 8 min il əvvəl özünün lokal xüsusiyyətləri ilə seçilən ilk əkinçi tayfaların zəngin həyat tərzinin əsas başlıca xüsusiyyətlərini və dünyanın müxtəlif laboratoriyalarının analizlərinin nəticələri əsasında Anadolunun qədim cəmiyyətləri ilə sıx əlaqələrini göstərən faktlar da yer alıb.
Qeyd edək ki, “Archaeopress” nəşriyyatı dünya arxeologiyasının əhəmiyyətli abidələrinin ciddi akademik tədqiqatları haqqında elmi monoqrafiyaların nəşri üzrə ixtisaslaşıb.