İordaniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar İordaniya-Azərbaycan Dostluq Cəmiyyətində anma mərasimi keçirilmişdir.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə cəmiyyətin üzvləri, idarə heyətinin sədri senator Mərvan Humud, baş katibi Xalid Həmşavi, Türkiyə, Ukrayna, Gürcüstan və Qazaxıstanın İordaniyadakı səfirləri, Krallığın ictimai-siyasi dairələrinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, diasporumuzun üzvləri və səfirliyin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir Sabir Ağabəyov xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarixin həm şəhidlərimizin anma günü, həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin təcəssümü olduğunu diqqətə çatdırmışdır. Diplomat 1990-cı il yanvarın 20-də keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə nizami ordu birləşmələri tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli cinayət nəticəsində BMT-nin insan hüquqları haqqında ümumi Bəyannaməsinin 1949-cu il Cenevrə Konvensiyasının, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulduğunu vurğulamışdır.
Mərasimin keçirildiyi salonda 20 Yanvar faciəsi ilə bağlı sərgi açılmış, müxtəlif videomateriallar nümayiş etdirilmişdir. Eyni zamanda, tədbir iştirakçılarına faciə ilə bağlı materiallar paylanmışdır.
Qanlı Yanvar faciəsi İordaniya mətbuatında da geniş işıqlandırılmış, nüfuzlu “Əl-Dustur”, “Əl-Diyar” qəzetlərində və “Uruba” Xəbərlər Agentliyinin saytında geniş məqalələr dərc edilmişdir.