SİYASƏT
İordaniyada Azərbaycan diasporu İlham Əliyevin yenidən Prezident seçilməsini alqışlayır
Əmman, 11 oktyabr (AZƏRTAC). İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində Qadınlar Cəmiyyətinin sədri Zümrüd Dadaşova AZƏRTAC-a müsahibəsində demişdir: “Azərbaycan diasporu öz lideri İlham Əliyevin yenidən Prezident seçilməsini alqışlayır, onunla qürur duyur və hesab edir ki, müdrik xalqımız sabit və çiçəklənən Azərbaycan uğrunda düzgün seçim etmişdir.
O bildirmişdir ki, yekdil fikrə görə, İordaniyada yaşayan azərbaycanlılar öz Prezidenti ilə qürur duyur və hesab edirlər ki, bu, layiqli və təmiz qələbədir. O demişdir: “Azərbaycan xalqı növbəti dəfə öz xalqına fədakarlıqla xidmət edən, Azərbaycanın dövlət mənafelərini qoruyan və onun gələcək inkişafını təmin edən bir insana etimad göstərmişdir. Ölkə həyatının bütün sahələrində uğurlara və nailiyyətlərə nəzər salmaq kifayətdir. Bu uğurlar aşkardır və bütün dünya onları tanıyır.
Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad və şəffaf formada nümayiş etdirmişdir. Azərbaycanda keçirilən prezident seçkiləri həqiqətən azadlığın və demokratiyanın təntənəsidir. Bakıda olan, demək olar, bütün beynəlxalq müşahidəçilər bu barədə danışırlar”.
Zümrüd Dadaşova sonda demişdir: “Bu gün Azərbaycan güclü, müstəqil və praqmatik siyasət yeridən qüdrətli və nüfuzlu dövlətdir. Ölkəmiz dünya miqyasında beynəlxalq məsələlərin həllində çox əhəmiyyətli bir dövlətə çevrilmişdir, onunla hesablaşır, ona etibar edir, onunla dostluq etmək istəyirlər. Bunu xatırlatmaq kifayətdir ki, Azərbaycan məhz hazırkı Prezidentin dövründə iki il əvvəl dünya birliyinin mütləq əksəriyyətinin (155 ölkə) dəstəyi ilə dünyanın ali orqanının - BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur və hazırda həmin təşkilatda sədrlik edir. İqtisadi sahədə uğurlar da təəccübləndirməyə və sevindirməyə bilməz. Bu gün Azərbaycanın iqtisadi qüdrəti beynəlxalq aləmdə də ölkənin mənafelərini müdafiə etməyə imkan verir. Bu gün Azərbaycan təkcə regional deyil, həm də dünya problemlərinin həllində öz rolunu oynayır və Prezident İlham Əliyevin qurduğu mükəmməl və müdrik siyasət sayəsində Azərbaycanın rolu durmadan artır. Biz ürəkdən şadıq ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir və bu, bizim xaricdəki həmvətənlərimizə böyük güc və inam verir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman