İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TRANS-ASİYA-AVROPA MAGİSTRAL KABEL XƏTTİ ÜZRƏ İŞÇİ QRUPU AZƏRBAYCANDADIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Pakistan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gəlmiş qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsini anmışlar.
Aztelekom İstehsalat Birliyində İƏT-ə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə işçi qrupun iclası keçirilmişdir.
İclasda TAE xəttinin həmin ölkələrin ərazilərindən keçən hissəsində qarşıya çıxan problemlər, magistralın texniki və iqtisadi cəhətdən səmərəliliyinin artırılması, tranzit ötürmələrində qiymətlərin tənzimlənməsi, istismarda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt şəhərinədək uzanan, dünyanın 20 ölkəsini əhatə edən layihənin ümumi uzunluğu 24 min kilometrdir.
Aztelekom İB-nin Baş direktoru Məhəmməd Məmmədov çıxışında bildirmişdir ki, Azərbaycanda magistralın tikintisinə 1999-cu ildən başlanmış və bu iş 3 istiqamətdə aparılır. Hazırda əksər rayonların ATS-ləri fiber-optik xətlərinə qoşulmuş, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Ukrayna istiqamətlərində birbaşa müasir, yüksək keyfiyyətli rəqəmsal beynəlxalq rabitə təşkil edilmişdir. TAE üzərindən bütün respublikanı əhatə edən ON-LİNE kompüter şəbəkəsi, 12 istiqaməti əhatə edən videokonfrans rabitəsi istismara verilmişdir. Bundan əlavə, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarların həmin layihədən bəhrələnməsi məsələsi gündəlikdədir.
Sonra qonaqlar beynəlxalq şəhərlərarası telefon stansiyası ilə tanış olmuşlar.
Konfrans işini oktyabrın 29-da davam etdirir.