İQTİSADİ İNKİŞAF NAZİRLİYİ SAHİBKARLIĞIN İNKİŞAFI VƏ DÖVLƏT ƏMLAKININ İDARƏ OLUNMASI DEPARTAMENTİNİN MƏLUMATI
Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmləri yaradılmışdır. Kiçik sahibkarlığın öncül inkişaf istiqamətləri üzrə (yerli və gətirilmə xammaldan istifadə etməklə idxalı əvəz edən məhsulların istehsalı, yeni texnologiyaya əsaslanan ixrac qabiliyyətli məhsulların istehsalı, innovasiya yönümlü layihələr, regionda təlabat olan məhsulların istehsalı, qədim xalq sənətinin inkişafı sahələri) Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1999-2001-ci illər ərzində 36 müəssisəyə 5,4 milyard manat investisiya yardımı göstərilmişdir.
Hazırda Nazirliyin Sahibkarlığın inkişafı və dövlət əmlakının idarə olunması departamenti tərəfindən investisiya layihələrinin qəbulu və ekspertizası həyata keçirilir. Seçilmiş layihələrə müsabiqə əsasında maliyyə yardımı göstəriləcəkdir.
Sahibkarlara təhsil, məsləhət və informasiya xidmətlərinin təşkili sahəsində də mühüm tədbirlər həyata keçirilir. Sahibkarlığa kömək sistemi çərçivəsində təşkil olunmuş treninq kursları və seminarlarda 3000-dək sahibkar xüsusi hazırlıq keçmişdir. Kursların təşkilinə beynəlxalq təşkilatların ekspertləri cəlb edilir və bu tədbirlərdə bütün regionların əhatə olunması istiqamətində məqsədyönlü iş aparılır. Sahibkarların beynəlxalq təşkilatların proqramları çərçivəsində xarici ölkələrdə təhsil almaları təmin edilmiş və son 4 ildə 200-ə yaxın iş adamı Avropa ölkələrində hazırlıq keçmiş və beynəlxalq təcrübəni öyrənmişlər.
Sahibklarlar üçün məsləhət xidmətlərinin təşkilinə dövlət tərəfindən fəal kömək göstərilir. Son 4 il də 3500-dən çox kiçik və orta müəssisə məsləhət xidməti ilə əhatə olunmuşdur. 1994-2001-ci illərdə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi tərəfindən 2000-ə yaxın biznes-təklif hazırlanmış, 1500-dən çox sahibkara əlaqə məlumatlarının təminatı, işgüzar təkliflərin işlənilməsi və yayılması, tərəf müqabillərin axtarılması, danışıqların aparılması, reklam materiallarının hazırlanması və çap olunması xidmətləri göstərilmişdir.
BMT-nin İnkişaf Proqramının İqtisadi İnkişaf Nazirliyi ilə birgə həyata keçirdiyi “kiçik və orta sahibkarlığa kömək” layihəsi çərçivəsində yaradılmış Bakı Sahibkarlığa Kömək Mərkəzi ilə Quba Qadın və Ailə Sahibkarlığına Kömək Mərkəzi tərəfindən 2000-2001-ci illərdə pulsuz olaraq 600-ə yaxın sahibkara müxtəlif biznes-məsləhət xidmətləri göstərilmiş, 700 sahibkarın iştirakı ilə 348 seminar keçirilmiş, 50 sahibkara isə investisiya layihələrinin hazırlanmasında kömək göstərilmişdir.