İQTİSADİYYAT
İQTİSADİYYATA KREDİT QOYULUŞU ARTIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2002-ci il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına bütövlükdə kredit qoyuluşlarının həcmi 2504 milyard manat təşkil etmişdir. Bu, noyabrın 1-nə olan göstəriciyə nisbətən 38,1 milyard manat və ya 1,5 faiz çoxdur. Kredit qoyuluşlarının 584 milyard manatı və ya 23,3 faizi vaxtı keçmiş kreditlərin payına düşüb.
Kreditlərin 1780 milyard manatı (71,1 faiz) qısamüddətli, 724 milyard manatı (28,9 faiz) isə uzunmüddətli kreditlərdir. Qısamüddətli kreditlərin 508,9 milard manatı və ya 28,6 faizi, uzunmüddətli kreditlərin isə 75,1 milyard manatı və ya 10,4 faizi vaxtı keçmiş kreditlərdir.
İqtisadiyyata dövlət bankları tərəfindən 1108,5 milyard manat (44,3 faiz), özəl banklar tərəfindən 997,7 milyard manat (39,8 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 397,9 milyard manat (15,9 faiz) kredit qoyulmuşdur.
Kreditlərin 729 milyard manatı (29,1 faiz) dövlət sektoruna, 1775,1 milyard manatı (70,9 faiz) isə özəl sektora yönəldilmişdir.
Kreditlərin 27,1 faizi və ya 519,3 milyard manatı ticarət və xidmət sahəsinə yönəldilib. Fiziki şəxslərə verilən kreditlərin həcmi isə 410,5 milyard manat (21,4 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 315,3 milyard manatı (16,4 faiz), energetika və təbii ehtiyatlar sahəsinin payına isə kreditlərin 172 milyard manatı (9,0 faiz) düşüb. Dövlət idarəetməsi sahəsinə kreditlərin 164 milyard manatı və ya 8,5 faizi, kənd təsərrüfatı sahəsinə 6,7 faizi və ya 128,1 milyard manatı yönəldilib. İnşaat və əmlak sahəsinə 75 milyard manat (3,9 faizi), yüngül və ağır sənayeyə isə 74,7 milyard manat (3,9 faiz) kredit cəlb edilib. Kreditlərin 61 milyard manatı və ya 3,2 faizi isə digər sahələrin payına düşüb.