İRANDA ATOM ELEKTRİK STANSİYASI TİKİLƏCƏK
Nazirlər Kabinetinin Prezident Mahmud Əhmədinejadın sədrliyi ilə keçən iclasında yeni AES-ın tikintisi zamanı ölkənin yüksək texnologiyalar sahəsində qazandığı nailiyyətlərdən maksimum faydalanmağın zəruriliyi vurğulanmışdır.
Bu ilin yazında İran Məclisi (parlament) milli atom energetikasının sürətli inkişafı proqramını qəbul etmişdir. Proqrama görə, yaxın 10-15 ildə İranda hər biri 1000 meqavat gücündə 20 enerji bloku inşa etmək planlaşdırılır.
Hazırda Buşer AES-in birinci enerji blokunun tikintisi başa çatır və onu gələn ilin axırlarında istifadəyə vermək nəzərdə tutulmuşdur.
Iran parlamentinin milli siyasət və xarici təhlükəsizlik komissiyasının sədri Ələddin Borucerdi bir həftə əvvəl bildirmişdir ki, yaxın vaxtlarda ölkədə daha iki AES-in tikintisi üçün müsabiqə elan olunacaqdır.