İRANDA SƏMƏD VURĞUNUN YUBİLEYİ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Azərbaycan və fars dillərində Tehranda nəşr olunan “Xudafərin”, “Azəri” və “Varlıq” jurnallarında “Səməd Vurğun şeirində Azərbaycan qadınının surəti”, “Səməd Vurğun poeziyasına baxış”, “Müdrik şair” məqalələri, habelə S.Vurğun haqqında yazılmış xatirələr, onun böyük qardaşı Mehdixan Vəkilovun arxivindən götürülmüş şairin 1931-1932-ci illərdə qələmə aldığı “Səhər həyatı” və “Son söz” şeirləri dərc edilmişdir.
Tehrandakı Cabir ədəbi cəmiyyəti “Əndişə” mədəniyyət evində Səməd Vurğunun yüzillik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Cəmiyyətin rəhbərlərindən biri Müzəffər Derəfşi (Azərbaycan Yazıçılar Birliyinin üzvü) şairin həyat və yaradıcılığından danışaraq qeyd etmişdir ki, S.Vurğunun “Yandırılan kitablar” əsəri 1940-cı illərin ikinci yarısında Cənubi Azərbaycanda ümid işığı kimi qarşılanmışdır.
Tədbirdə “Səməd Vurğunun ədəbiyyatımıza təsiri” mövzusunda məruzə dinlənilmiş, şairin yaradıcılığından söhbət açılmışdır. Bundan əlavə, şairin şeirləri oxunmuş, şeirlərinə bəstələnmiş mahnılar ifa edilmişdir. Mərasimdə Bakıdan gəlmiş muğam dəstəsi də çıxış etmişdir.
Səfirlikdən verilən məlumata görə, yaxın vaxtlarda Təbrizdə Azərbaycan və fars dillərində nəşr olunan “Məhd-e azadi” və latın qrafikası ilə Azərbaycan dilində çıxan “Körpü” jurnallarında şairin yubileyinə həsr edilmiş məqalələr dərc ediləcəkdir.