İsa Suliman: Meydanda bir-birimizin oyun tərzini daha yaxşı anlamağa çalışdıq
Bakı, 29 iyul, AZƏRTAC
Mövsümün başlamasını səbirsizliklə gözləyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt” futbol klubuna yeni transfer olunan İsa Suliman Ərzurum toplanışı ilə bağlı təəssüratlarını klubun mətbuat xidməti ilə bölüşüb.
İdmançı klubda olmaqdan məmnunluğunu ifadə edib: “Toplanış boyunca məşq və matçlar zamanı bir-birimizin oyun tərzini daha yaxşı anlamağa çalışdıq. İstedadlı oyunçularımız var. Liqa və ya klub haqqında çox şey bilmirdim, amma daha çox məlumata sahib olmaq üçün düşərgədəki hər kəsə çoxlu suallar verirəm. “Sumqayıt”da çıxış etmiş futbolçulardan birini tanıyıram. O, mənə klub haqqında ancaq müsbət fikirlər söyləyib.
Oyunçularla ünsiyyət qurmaq çox asandır. Bir çox oyunçumuz ingilis dilində danışır. Amma meydanda mənim əsas güclü cəhətlərimdən biri danışmaq və təşkilatlanmadır. Bu da mənim mövqeyimdə çox vacibdir. Artıq Azərbaycan dilində bəzi sözləri öyrənmişəm. Bir az çətin olsa da, mənim prioritetlərimdən biri meydanda istifadə etməli olduğum açar söz və ifadələri öyrənməyə çalışmaqdır.
Azarkeşlərimizə demək istəyirəm ki, mövsümün ilk oyununda mən sizi stadionda görməyi səbirsizliklə gözləyəcəyəm və biz əlimizdən gələni edəcəyik".