İsmayıllı məktəblilərinin STEAM uğurları - Gələcəyin mühəndisləri təltif olundu
İsmayıllı, 10 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllıda SAF2025 – Beynəlxalq STEAM Azərbaycan Festivalında uğur qazanmış məktəblilərlə görüş keçirilib. Festivalda innovativ layihələri, yaradıcı yanaşmaları və texnoloji bacarıqları ilə seçilən şagirdlər bu dəfə rayon rəhbərliyi və təhsil ictimaiyyəti ilə bir araya gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil sektorunun müdiri Rəşid Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Gülnarə Mirzəliyeva və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı komitəsinin sədri Hafiz Kərimov qalibləri təbrik edib, onların nailiyyətlərini yüksək dəyərləndiriblər. Çıxış edənlər ölkədə STEAM təhsilinin (STEAM (Science, technology, engineering, arts, mathematics), yəni elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən tədris metodudur – red.) sürətlə inkişaf etdiyini, bu kimi festivalların gənclərin elmə, texnologiyaya və yaradıcılığa marağını daha da artırdığını vurğulayıblar.
Görüş zamanı festivalda fərqlənən şagirdlərin təqdim etdiyi layihələr haqqında da geniş müzakirələr aparılıb. Onların hazırladıqları robototexnika modelləri, mühəndislik həlləri, elmi araşdırmalar və rəqəmsal innovasiyalar tədbir iştirakçılarında xüsusi maraq yaradıb.
Qalib şagirdlər, fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunublar.
Görüş qarşıdakı STEAM layihələri və beynəlxalq yarışlara hazırlıqla bağlı fikir mübadiləsi ilə başa çatıb.