İsmayıllının İvanovka kəndinə 75 millimetr yağıntı düşüb
Bakı, 27 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 26-dan 27-si səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Yağan leysan yağışlarla əlaqədar Naxçıvançay, Zəyəmçay, Çaykənd, Qoşqarçay, Vəlvələçay çaylarında sululuq artıb.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında düşən yağıntının miqdarı Ərəfsədə (Culfa) 70 (aylıq normanın 367 faizi), Nülgütdə 65 (aylıq normanın 238 faizi), Ağdərədə (hər ikisi Ordubad) 26, Şahbuzda 12, Şərurda isə 9 millimetrə bərabər olub.
Böyük Qafqazda isə bu rəqəm İvanovkada (İsmayıllı) 75, Kişçayda (Şəki) 49 (aylıq normanın 55 faizi), Girdimançayda 43, Qəbələdə 42 (aylıq normanın 33 faizi), Oğuzda 37, Şəki, İsmayıllıda 35, Şahdağda (Qusar), Sarıbaşda (Qax) 33, Zaqatalada 31 (aylıq normanın 31 faizi), Dəmiraparançayda 22, Ağsuda 21, Qusar və Şamaxıda 25, Qırızda 24, Xaltanda 19, (hər ikisi Quba), Qubada 17, Balakəndə 16, Altıağacda (Xızı) 14, Xaçmaz, Şabran və Mərəzədə (Qobustan) 3-7 millimetr təşkil edib.
Lənkəran-Astara zonasında ən çox yağıntı Lənkərana düşüb: 37 millimetr. Astarada bu rəqəm 29, Lerikdə 14, Yardımlıda 11millimetrə bərabərdir.
Kiçik Qafqaza düşən yağıntının miqdarı Göygöldə 27 (aylıq normanın 35 faizi), Daşkəsəndə 23 (aylıq normanın 43 faizi), Gədəbəydə 13 millimetr (aylıq normanın 56 faizi) təşkil edib.
Qazax-Gəncə zonasına - Naftalanda 15, Gəncədə 12, Ağdam , Ağstafa , Şəmkir, Tovuz və Ceyrançöldə 2-8, Dəstəfurçayda-Qaraqollar (Daşkəsən) 28, Çaykənddə 27, Şəmkirçay-Qalakənddə (Gədəbəy) 20, Dağ-Kəsəməndə (Qazax) 12, Qoşqarçay-Sərkar (Göygöl) 8 millimetr yağıntı düşüb.
Mərkəzi Aran rayonlarına düşən yağıntının miqdarı Tərtərdə 27 , Kürdəmirdə 20, Mingəçevirdə 19, Yevlaxda 18 Bərdədə 15, İmişlidə 12, Sabirabadda 8, Zərdab, Cəfərxanda (Saatlı) 7, Biləsuvar və Neftçalada 6, Salyan, Hacıqabulda 2 millimetr olub.
Bakıda və Abşeron yarımadasına gəlincə, Sumqayıta 7 (aylıq normanın 26 faizi), Pirallahıya 5 (aylıq normanın 23 faizi), Binəyə 3, Zabrat və Maştağaya 2, Bakıya 1 millimetr yağıntı düşüb.
Qar örtüyünün hündürlüyü Ləzədə 20 , Xınalıqda 18, Qudyalçay-Xınalıq məntəqəsində 17, Şahdağda 16, Qırızda 15, Sarıbaşda 10, Nülgütdə 5 santimetr təşkil edib.
Ölkə ərazisində qərb küləyi əsib, Neftçalada 32, Naftalan, Daşkəsən, Xınalıq, Tərtərdə 28 , Bərdədə 25, Hacıqabulda, Gəncədə 24, Salyan, Şəmkirdə 21, Biləsuvarda 20, Kəlvəzdə 19, Tovuzda 18, Ağdam, Göygöl, Ağstafada 16, Abşeron yarımadasında arabir saniyədə 25-27 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16°, minimal hərarət isə paytaxtda 8,8-9° isti olub. Həmçinin Xınalıqda 2,8°, Şahdağda 6°, Daşkəsəndə 0,1°, Qırızda 3,1° şaxta qeydə alınıb.