İSO/IEC 17025:2017 beynəlxalq standartı üzrə təlim keçiriləcək
Bakı, 18 iyul, AZƏRTAC
“Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi - İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı 31 iyul - 4 avqust tarixlərində İSO/IEC 17025:2017 beynəlxalq standartı üzrə təlimin keçirilməsini planlaşdırır.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi laboratoriyaların sınaq və ya kalibrasiya predmetlərinin birmənalı identifikasiyası üçün sistemin təmin edilməsi; sınaq və kalibrlənmə laboratoriyalarında aparılan xidmətlərdə riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlanmasının təmini; laboratoriya xidməti sahəsində müştərilərin məmnunluğunun təmini; qanunların və normativ sənədlərin tətbiqinin təmini; kadrların səriştəliliyinin təmini; maraqlı tərəflərlə (müştərilər, təchizatçılar, podratçılar, dövlət orqanları və s.) qarşılıqlı səmərə əsasında işləmə; laboratoriyalarda materiallardan və texnoloji avadanlıqlardan səmərəli istifadənin təminidir.
Beynəlxalq standartların (İSO) təlimi və tətbiqi təşkilata tədarükçülər və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləməyə, normativ-texniki sənədlərin və qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, kadrların səriştəliliyinin artırılmasına, infrastrukturunun işçi vəziyyətdə saxlanılmasına, uyğunsuzluqların idarə olunmasına, korreksiyaedici tədbirlərin tətbiqinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və sifarişçilərin məmnunluğunun təmin edilməsinə imkan verir.
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslərə sertifikat, imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcək.