İspaniyada Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 98-ci sessiyası keçirilmişdir
Bakı, 9 iyun (AZƏRTAC). İspaniyanın Santiaqo de Kompostela şəhərində BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 98-ci sessiyası keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sessiya çərçivəsində “Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu” mövzusunda müzakirələr aparılmışdır.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək viza rejiminin sadələşdirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, birgə marketinq kampaniyalarının keçirilməsi və s. mövzulara toxunmuşdur. Bununla yanaşı, o, növbəti toplantının gündəliyinə işğal olunmuş ərazilərin turizm baxımından təbliğatının qarşısının alınması ilə bağlı xüsusi bəndin salınmasını və bununla bağlı Azərbaycan tərəfindən müvafiq qətnamə layihəsinin hazırlanmasını təklif etmişdir. Bu təklif tədbir iştirakçıları tərəfindən qəbul edilmişdir.
Qeyd olunan qətnamə layihəsi İcraiyyə Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 99-cu sessiyasında müzakirə olunacaqdır. Qətnamə qəbul olunduğu halda Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələrinin beynəlxalq turizm sərgilərində iştirakına qadağa qoyulacaqdır.