QAN YADDAŞI
İSPANİYANIN NÜFUZLU “CİTA İNTERNACİONAL” VƏ “ENCUENTRO DİPLOMATİCO” JURNALLARININ NÖVBƏTİ NÖMRƏLƏRİ AZƏRBAYCANA HƏSR OLUNMUŞDUR
Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Madriddə çıxan və ispandilli ölkələrdə geniş nüfuza malik olan “Cita İnternacional” və “Encuentro Diplomatico” jurnallarının növbəti nömrələri Azərbaycana həsr edilmişdir. Buraxılışlarda Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını və turizm imkanlarını, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini əks etdirən məqalələr vardır.
Bütövlükdə Azərbaycan Respublikasına həsr edilmiş “Cita İnternacional” və 64 səhifəsindən 32-də ölkəmiz haqqında söhbət açan “Encuentro Diplomatico” jurnallarının ön səhifələrində Prezident İlham Əliyevin portreti çap olunmuşdur.
Jurnallarda Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinə geniş yer verilmişdir.
Prezident İlham Əliyevin həyat yolundan, onun Azərbaycanın dövlət başçısı seçildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirməsindən, ölkəmizin əhalisinin rifahının yaxşılaşdırılması üçün həyata keçirilən genişmiqyaslı layihələrdən, iqtisadiyyatın inkişafı istiqamətində görülən tədbirlərdən, Azərbaycanın region ölkələri ilə münasibətlərdə mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasətindən, aparılan demokratik islahatlardan, Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarından söz açılmışdır.
Jurnallarda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqəti, onların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil sisteminin inkişafı, milli mədəni irsimizin qorunub saxlanması və dünyada təbliği istiqamətində gördüyü işlər geniş işıqlandırılmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də geniş yer verilmişdir. Münaqişə haqqında faktlar, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və mədəniyyət abidələrinin dağıdılması, Xocalıda törədilmiş vəhşiliklər xüsusi qeyd olunmuşdur.
“Cita İnternacional” və “Encuentro Diplomatico” jurnallarının Azərbaycana həsr olunmuş nömrələri İspaniyanın şəhər və bölgələrinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, dövlət və hökumət qurumlarına, nüfuzlu siyasi xadimlərə, kütləvi informasiya vasitələrinə göndərilmişdir.