İsrail parlamentinin nümayəndə heyəti Quba rayonunun Krasnaya Sloboda qəsəbəsində olub
Bakı, 7 sentyabr, AZƏRTAC
“İsrail-Azərbaycan” parlamentlərarası qrupun üzvləri Yevgeni Sova, Oşer Şkalim, Tatyana Mazarskaya və Almoqa Coxenidən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Quba rayonunun Krasnaya Sloboda qəsəbəsində olub.
AZƏRTAC STMEGİ fondunun saytına istinadla xəbər verir ki, israilli deputatlar yerli Dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüb, dünyada yeganə olan Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar.
Məişət əşyaları və qədim artefaktların olduğu muzeyin direktoru İqor Şaulov bu mədəniyyət obyektinin yaradılması tarixi barədə məlumat verib.
Qonaqlar, həmçinin altı qübbəli sinaqoq və Giləki sinaqoqunu ziyarət edib, tağlı körpüyə və digər tarix-mədəniyyət abidələrinə baxıblar.
Knessetin üzvləri Azərbaycanın Dağ yəhudiləri icmasının tarixi və buğunu haqqında ətraflı məlumat əldə edib, qəsəbə sakinləri üçün yaradılmış şəraitdən məmnun olduqlarını bildiriblər.