İsraildə Novruz bayramı qeyd edilmişdir
Bakı, 22 mart (AZƏRTAC). “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Novruz bayramı münasibətilə İsrailin Netanya şəhərindəki məşhur “Bakinski dvorik” restoranında şənlik təşkil etmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azİz-in üzvü Yeganə Salman tədbiri açaraq bildirmişdir ki, Novruz Azərbaycandan gəlmələr üçün ən əziz bayramdır. Onlar taleyin hökmü ilə harada yaşamalarından asılı olmayaraq bu bayramı qeyd edirlər. Y.Salman demişdir: “Sevindirici haldır ki, Azİz bütün azərbaycanlıları və Azərbaycandan İsrailə gələnləri birləşdirən Novruz bayramının qeyd olunmasını özünün vəzifəsi sayır”.
Şənlik çərçivəsində Novruz ənənələri ilə bağlı viktorina keçirilmişdir. Qaliblərə mükafatlar - Heydər Əliyev Fondunun təqdim etdiyi kitab və disklər təqdim edilmişdir. Bundan əlavə, Azərbaycan rəqsinin ən yaxşı ifasına görə müsabiqə keçirilmişdir. Qalib Azərbaycan xalq mahnılarından ibarət DVD-karaoke almışdır.
Azİz-in mətbuat katibi Arye Qut vurğulamışdır ki, Azərbaycan milli ruhunun ən parlaq təcəssümü olan Novruz bayramı keçmiş Sovet hakimiyyəti illərində təqib olunmuşdur. Buna baxmayaraq milli adət -ənənələr ölməmişdir. Biz uzun illərdir baharın gəlişi bayramını İsraildə əslən Azərbaycandan olanların xalq bayramı kimi qeyd edirik.
Novruz bayramı İsrailin Azərbaycandan gəlmə vətəndaşları üçün əsl ənənəyə çevrilmişdir. Elə bu il “Bakinski dvorik” restoranında açılmış bayram süfrəsi Novruzun əsas atributları - səməni, xonça, paxlava və şəkərbura ilə bəzədilmişdir.
Şənlikdə Azərbaycan mahnıları səslənmiş, milli rəqslər ifa olunmuşdur.