CƏMİYYƏT
İstehsalat təcrübəsində olan tələbələr üçün ekoloji monitorinq tədqiqatları ilə bağlı seminar keçirilib
![İstehsalat təcrübəsində olan tələbələr üçün ekoloji monitorinq tədqiqatları ilə bağlı seminar keçirilib](/files/2014/2/1200x630/14087125546055018245_1200x630.jpg)
Bakı, 8 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində istehsalat təcrübəsində olan tələbələr üçün Abşeron yarımadasının quru və dəniz neft-qaz yataqlarında ekoloji monitorinq departamenti tərəfindən aparılan ekoloji tədqiqat işləri və əldə olunan nəticələr haqqında seminar keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti və digər ali məktəblərin tələbələri iştirak ediblər. Tələbələrə quru və dəniz neft-qaz yataqlarında, çöl tədqiqat işlərində istifadə olunan müasir cihaz və avadanlıqlar, eləcə də laboratoriyanın analitik təhlil cihazları barədə məlumat verilib, onların iş prinsipi izah edilib. Ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, seçilmiş ərazilərdə analiz üçün nümunələrin götürülməsi, instrumental ölçmələrin aparılması, tullantıların idarə olunması, ekoloji tədqiqat işləri ilə bağlı video-çarx nümayiş etdirilib. Tələbələr ekoloji təhlil nəticələrinin coğrafi məlumat bazasına daxil edilməsi və bu məlumatlardan istifadə olunması haqqında da bilik əldə ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.