İsti havalar meyvə bağlarına necə ziyan vurur? VİDEO
Gəncə, 23 avqust, Elcan Məmmədov, AZƏRTAC
Son zamanlar ölkə ərazisində havaların isti keçməsi kənd təsərrüfatına da təsirsiz ötüşmür. İntensiv istilər bir çox ekoloji problemlərin yaranmasına gətirib çıxarır. Günəş şüalarına və yüksək temperatura məruz qalan meyvələrin yetişmə mövsümünün qızğın çağında gün yanığına düçar olması məhsuldarlığın da aşağı düşməsinə səbəb olur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov deyib.
O bildirib ki, respublikamızın ayrı-ayrı bölgələrində havanın temperaturunun 40-45 dərəcəyə çatması ağaclarda meyvələrin sağlam yetişməsi üçün ciddi təhlükə yaradır.
“Havaların isti keçməsi xüsusilə alma, armud ağaclarının meyvəverən dövründə onları “gün yanığı” deyilən xəstəliyə yoluxdurur. Bu da təbii ki, onların bazarda dəyərini aşağı salır. Gün yanığı xəstəliyinə yoluxan meyvənin gündəyən hissəsində saralmalar müşahidə olunur. Həmin hissə şirələndiyi üçün arı və digər həşəratları meyvəyə cəlb edir. Nəticədə meyvə yararsız hala düşür”, - deyə H.İdrisov qeyd edib.
Mütəxəssis təsərrüfatlarda gün yanığının təkcə meyvələrin zədələnməsi ilə başa çatmadığını da deyib. O bildirib: “Gün yanığı ağacda meyvəni zədələməklə yanaşı, həm də qida maddələrinin mənimsənilməsində problemlər yaradır. Yüksək temperatur bitkidə qida çatışmazlığına gətirib çıxara bilir. Ağacın yarpaqlarında əmələ gələn qızartılardan və qurumalardan onda kalium, fosfor və ya digər elementlərin çatışmazlığını müəyyən etmək olar. Əgər qabaqlayıcı tədbirlər görülməsə, bu, ağacın qurumasına gətirib çıxara bilər”.
Təcrübələr göstərir ki, gün yanığı ilə mübarizə zamanı hər hansı dərman vasitəsinin istifadəsi tövsiyə edilmir. Sahibkarlar üçün ən yaxşı qabaqlayıcı üsul temperatur yüksək olan zaman ağıllı kənd təsərrüfatı texnologiyası sayılan üst örtüklərinin bağların üzərinə çəkilməsidir. Belə örtüklər temperaturu müəyyən qədər aşağı salır və meyvələri gün yanığından qoruyur. Lakin bu üsul çox xərc tələb etdiyi üçün hazırda ölkəmizdə geniş istifadə olunmur.