İsveçdə gənclərə yardım xidməti bağlana bilər
Stokholm, 30 mart, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin zorakılığa məruz qalan gənc insanlara milli yardım xidməti - ungarelationer.se dəstək xətti bağlanma təhlükəsi qarşısındadır.
AZƏRTAC xəbər verir ki, bu xidmətə dövlət dəstəyi birdən-birə 170 min dollar azaldılıb.
Son beş il ərzində hər axşam 20 yaşınadək gənclər xüsusi təlim keçmiş könüllülərlə əlaqə yarada bilirlər. Onların dəstəyi əsasən münasibətlərdə zorakılığa məruz qalanlara, adətən gənc qızlara yönəlib.
Digər milli yardım xidmətlərindən fərqli olaraq, unrelationer.se tamamilə rəqəmsaldır.
“Qadınların gələcəkdə kişilərin qurbanına çevrilməməsi üçün oğlanların qızlara qarşı zorakılıq etməsinin qarşısını almalıyıq. Əlbəttə, gənclərin üz tutacaqları yerin olması son dərəcə vacibdir”, - deyə xidmətin rəhbəri Zandra Kanakaris deyir.
İsveçin Cinayətin Qarşısının Alınması Şurasının 2018-ci ildə apardığı təhlillər göstərib ki, 16-24 yaşarası qız və qadınların 20 faizindən çoxu indiki və ya keçmiş partnyorları tərəfindən zorakılığa məruz qalıb.
Allmänna barnhuset (Ümumi uşaq evi) dövlət fondunun yeni araşdırması göstərir ki, oğlanlarla münasibətdə olan 9-cu sinif şagirdlərinin 38 faizi zorakılığa məruz qalıb.
Mövcud olduğu beş il ərzində xidmətə 15 min 200-dən çox zəng daxil olub. Söhbətlər əsnasında gənclərə dəstək və məsləhət verilir, həmçinin əlavə kömək üçün hara müraciət edə biləcəkləri bildirilir.
Dəstək xəttinin istismarı ildə təxminən 470.000 dollara başa gəlir, lakin bu il Milli Səhiyyə və İnsan Xidmətləri Şurası həmin məqsədlər üçün cəmi 47.000 dollar ayırıb. Səbəblərdən biri odur ki, qrantı tənzimləyən qaydalar dəyişib, yəni daha bir çox başqa təşkilatlar bunun üçün müraciət edə bilər.
“Mən başa düşmürəm ki, hökumət niyə kişilərin qadınlara qarşı zorakılığına üstünlük verdiyini deyir. Problem tezliklə həll olunmasa, xidməti bağlamalı olacağıq. Biz çox narahatıq. Əməliyyatları davam etdirmək üçün ilin sonuna qədər maliyyə vəsaiti təmin edilməlidir”, - deyə Zandra Kanakaris qeyd edir.