İtaliya A Seriyası: “Latsio” növbəti qələbəsini qazanıb
Bakı, 1 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyunun 30-da futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış görüşündə turnir cədvəlində ikinci pillədə yerləşən “Latsio” səfərdə “Torino” komandasının qonağı olub. Görüş “Latsio”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı erkən (5-ci dəqiqə) qolla meydan sahibləri açıb. Andrea Belotti 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Qoldan sonra irəli atılan “Latsio” bərabərlik qolunu vurmağa çalışsa da birinci hissədə hesab dəyişilməyib. Fasilədən sonra oyunun 48-ci dəqiqəsində “Latsio” hesaba tarazlıq gətirib. Ciro İmobile Luis Albertonun ötürməsini qola çevirib. Qarşılaşmanın 72-ci dəqiqəsində qonaqlar qələbə topunu vurmağa nail olub. Marko Parolo adını tabloya yazdırıb.
Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran “Latsio” ikinci pillədəki yerini möhkəmlədib. “Torino” isə 31 xalla 14-cü yerdə qərarlaşıb.