İtaliyalı alimlər Multikulturalizm Mərkəzinin qonağı olub
Bakı 2 may, AZƏRTAC
İtaliya Coğrafiya Cəmiyyətinin Azərbaycanda səfərdə olan üzvləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, italiyalı alimlər və müxtəlif təşkilatların rəhbərlərindən ibarət 18 nəfərlik heyətin Azərbaycana səfəri İtaliya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov müasir dövrdə Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olmasını şərtləndirən amillər, milli və dini tolerantlığın dövlət siyasətinin prioritetləri sırasında dayandığı barədə məlumat verib.
Mərkəzin icraçı direktoru, professor Azad Məmmədov qonaqlara BBMM-in fəaliyyəti və bir çox xarici ölkələrdə, o cümlədən Romanın Sapienza universitetində tədris edilən “Azərbaycan multikulturalizmi” fənni barədə məlumat verib. Mərkəzin müşaviri Aynur Bəşirli İtaliya Coğrafiya Cəmiyyəti və İtaliya-Azərbaycan Assosiasiyası ilə birgə konfrans və “dəyirmi masa”ların keçirilməsinin mümkünlüyündən danışıb.
İtaliya Coğrafiya Cəmiyyətinin prezidenti, professor Franko Salvatori və İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti Paola Kasaqrande Mərkəz ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Görüşdə Azərbaycandakı dini icmaların fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İtaliyalı alimlərin Azərbaycana səfəri 10 gün davam edəcək. Səfər müddətində ölkənin ali təhsil ocaqlarının və dini qurumlarının rəhbərliyi ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.