İtaliyanın turizm biznesi bu ilin səkkiz ayında 16 milyard avro itirib
Bakı, 6 oktyabr, AZƏRTAC
Koronavirus pandemiyası İtaliyanın turizm sektoruna güclü zərbə vurub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliyanın turizm sektorunun maliyyə itkiləri cari ildə 16 milyard avroya çatıb.
İxtisaslaşmış “Demoskopika” institutunun məlumatına əsasən, cari ilin ilk səkkiz ayında turistlər İtaliya mehmanxanalarında yalnız 173,5 milyon gecə qonaq olublar ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 52,5 faiz azdır. Turizm sahəsinin yerli və xarici müştərilərinin sayı isə 51,1 faiz azalaraq 48 milyon nəfər təşkil edib. COVID-19 pandemiyasının ölkənin turizm biznesinə vurduğu zərərin təxminən yarısı (7,2 milyard avro) İtaliyanın Veneto, Toskana və Lombardiya vilayətlərinin turizm sahəsinin payına düşür.
Yay mövsümünün əvvəlində İtaliyanın “Assoturismo Confesercenti” milli turizm biznesi nümayəndələri assosiasiyasının prezidenti Vittorio Messina 2020-ci ildə turizm sahəsinin gəlirlərinin 80 faiz azalacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, təxminən 4 milyon insanın çalışdığı turizm sektorunun ümumdaxili məhsulda payı 15 faizdir.
Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İtaliyada indiyə qədər 327 min 586 nəfərin koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib, 36 min nəfər həyatını itirib, 232 min 681 xəstə isə sağalıb.
Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.