“Jumeirah Bilgah Beach Hotel”də yay mövsümünün açılışı olmuşdur
Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də “Jumeirah Bilgah Beach Hotel”də yay mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, otelin baş meneceri Mete Atakuman “Jumeirah Bilgah Beach Hotel”in fəaliyyəti barədə məlumat vermiş, Azərbaycanda turizmin inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır.
Mete Atakuman son illər Azərbaycanda turizm sektorunun sürətlə inkişaf etdiyini bildirmiş, ölkə bazarında beynəlxalq otellərin mühüm rolunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Birləşmiş Ərəb Əmirliklərində, xüsusilə də “Jumeirah” mehmanxanaları və kurortlarında azərbaycanlı turistlərin sayı xeyli artmışdır.
Tədbirdə “Jumeirah Group”un Yaxın Şərq, Afrika və Cənubi Asiyada əməliyyatlar üzrə baş vitse-prezidenti Marvan Əl Əli yay mövsümünün başlanması ilə əlaqədar tədbirlər, “Jumeirah” restoran həftəsi barədə məlumat vermişdir.
“Jumeirah Group”un korporativ əlaqələr və ictimai işlər üzrə vitse-prezidenti Pirs Şrayber qeyd etmişdir ki, ötən il bütün dünya üzrə “Jumeirah” otellərinə Azərbaycandan gələn turistlərin sayı əvvəlki ilə nisbətən 24 faiz artmışdır. Dubayda “Jumeirah” əmlakı 23 faiz genişləndirilmişdir. Cari ilin ötən 4 ayında dünyadakı “Jumeirah”a səfər edən azərbaycanlı turistlərin sayı 26 faiz artmışdır. Dubaydakı otellərə səfər edən turistlərin sayında isə 32 faiz artım olmuşdur.
Tədbirdə, həmçinin otelin yeni baş meneceri Kristof Musse ictimaiyyətə təqdim olunmuşdur. K.Musse Avropa, Yaxın Şərq, Qərbi Afrika, Mərkəzi Amerika və Asiyada yerləşən otellərdə və lüks otel sənayesində 20 illik təcrübəyə malikdir.