KANADA PARLAMENTİNİN DEPUTATI HÖKUMƏTİNİN TÜRKİYƏYƏ OLAN SİYASƏTİNİ PİSLƏYİR
Kanada Azərbaycan Dərnəkləri Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Liberal Partiyasindan olan millət vəkili Ken Dryden mayın 4-də Federasiyanın qərargahında Azərbaycan və türk icmalarının fəalları ilə görüşmüşdür.
Görüşdə hər iki icmanı maraqlandıran məsələlər, eləcə də Kanada ictimaiyyətinin problemləri müzakirə edilmişdir. Uşaqlar, tələbə və gənclərlə bağlı hökumətin siyasəti, Liberal Partiyasının bu məsələlərə fərqli baxışları əsas müzakirə mövzusu olmuşdur. Ken Dryden bu problemlərin Liberal Partiyasının seçki platformasında əks olunacağını və bu ilin sentyabr ayına planlaşdırılan seçkilər zamanı ictimaiyyətə təqdim ediləcəyini bildirmişdir.
Kanada-Azərbaycan Dərnəkləri Federasiyasnın sədri Əkbər Məcidov, icmanın üzvü, York Universitetinin professoru Ulduz Rəhimov, Kanada-Turk Dərnəkləri Federasiyasının sədri Nədim Düzənli və başqaları qondarma erməni soyqırımının bu ölkənin baş naziri Stefan Harper tərəfindən dilə gətirildiyinin hər iki icmanı narahat etdiyini bildirmiş, belə bir siyasətin çoxmədəniyyətli və sülhsevər bir ölkə olan Kanadanın imicinə zərbə vurduğunu, həmçinin seçkilərin nəticələrinə təsir göstərəcəyini bildirmişlər.
Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin rəhbəri Nazilə İsgəndərova bəzi Kanada şirkətlərinin ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarındakı qeyri-qanuni fəaliyyətindən narahat olduğunu bildirmiş və bununla bağlı ölkənin müvafiq qurumlarına etdikləri müraciətlərin cavabsız qalmasından narazılığını ifadə etmişdir. Kanada şirkətlərinin ermənilərlə qanunsuz işbirliyi quraraq Azərbaycanın işğal altında olan ərazilərindəki fəaliyyətini sübut edən materiallar deputata təqdim olunmuşdur.
Millət vəkili Ken Dryden hökumətin qondarma erməni soyqırımı məsələsində balanslaşdırılmamış siyasət yürütməsindən təəssüf hissi keçirdiyini bildirmiş, bu addımın Türkiyə və Kanadanın NATO çərçivəsində Yaxın Şərqdəki birgə fəaliyyətinə kölgə saldığını etiraf etmişdir. O, həmçinin Kanada şirkətlərinin Azərbaycanın işğal altında olan ərazilərindəki qanunsuz fəaliyyətlərini də tənqid etmiş və bununla bağlı məsələni parlament və digər dövlət strukturları qarşısında qaldıracağını bildirmişdir.