Kaunasda Xocalı soyqırımına həsr olunmuş yürüş təşkil olunmuşdur
Kaunas, 27 fevral (AZƏRTAC). Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, bu ölkənin ikinci böyük şəhəri olan Kaunasın mərkəzində-Laisves (Azadlıq) prospektində Litvada təhsil alan azərbaycanlı tələbələrin təşəbbüs qrupu tərəfindən Xocalı soyqırımına həsr olunmuş yürüş keçirilmişdir.
Laisves prospektinin hər iki tərəfindəki divarlara 613 ədəd şəkil yerləşdirilmiş, üzərində Xocalı soyqırımı qurbanlarının doğum tarixi və onların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilməsi öz əksini tapmışdır. Burada Litva və ingilis dillərində posterlər, şüarlar asılmış, Kaunas sakinlərinə bukletlər paylanmışdır.
Kaunas meriyası tərəfindən icazə verilən yürüşə azərbaycanlı tələbələrlə yanaşı, türk və litvalı gəncləri də qatılmışlar. Əllərində Azərbaycan və Türkiyə bayraqları olan gənclər “Xocalıya ədalət!”, “Ermənistanın işğalına son!”, “Qarabağa - evimə qayıtmaq istəyirəm!” sloqanları səsləndirmişlər. Şaxtalı hava şəraitində keçən tədbirdə üzərində “Xocalıya ədalət!” və Xocalı faciəsinə dair məlumatlar olan qablarda litvalılara çay və qəhvə paylanılmışdır.
Azərbaycanlı tələbələrin təşəbbüs qrupunun fəalları Samir Musayev, Toğrul Musayev, Əli Əlizadə və başqaları Litva ictimaiyyətinin nümayəndələrinə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında məlumat vermişlər.
Tədbir Azərbaycan Respublikasının Litvadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdur.
Litvanın ən nüfuzlu və çoxtirajlı KİV-lərindən olan “Lietuvos rytas” qəzetinin internet portalında çoxsaylı şəkillərlə bərabər, Xocalı soyqırımı və yürüş barədə məqalə dərc olunmuşdur.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Kaunas